NATO Rusiyadan qaynaqlanan təhlükə fonunda Avropadakı nüvə çəkindirmə imkanlarını gücləndirməyə hazırlaşır.
DPA-nın məlumatına görə, alyans ABŞ-yə məxsus əlavə atom silahlarının Avropada yerləşdirilməsi variantını nəzərdən keçirir.
Söhbət ilk növbədə qeyri-strateji nüvə silahlarından gedir. Bu silahlar strateji nüvə silahlarından daha az dağıdıcı gücə malikdir və düşmənin qoşunlarına, aerodromlarına, limanlarına, komanda mərkəzlərinə və digər hərbi obyektlərinə zərbələr endirmək üçün nəzərdə tutulub. Onlar döyüş təyyarələri və ya qısa mənzilli raketlərlə çatdırıla bilər.
Ekspertlərin qiymətləndirməsinə əsasən, hazırda Avropada Almaniya, Belçika, İtaliya, Niderland və Türkiyədə yerləşən altı aviabazada ABŞ-yə məxsus təxminən 100 ədəd B61-12 tipli nüvə bombası saxlanılır.
NATO-nun baş katibi Mark Rütte Avropadakı ABŞ nüvə silahlarının sayının artırılmasını istisna etməyib. Onun sözlərinə görə, alyans elə bir çəkindirmə sistemi qurmalıdır ki, heç kim nüvə silahı ilə hücum edib cavabsız qalacağını düşünməsin.
“Heritage Foundation” təşkilatının nüvə məsələləri üzrə eksperti Robert Peters isə bildirib ki, Rusiyanın bu sahədə ən azı onqat üstünlüyünü nəzərə alaraq, Avropada əlavə 100–150 qeyri-strateji nüvə başlığının yerləşdirilməsi optimal həll ola bilər.