Astaranın
Maşxan kəndində yaşayan 9 yaşlı Reyhan Məmmədzadə səhər saatlarında evdən
çıxaraq naməlum istiqamətə gedərək itkin düşüb.
News365.az xəbər verir ki, azyaşlının axtarışlarına kənd sakinləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd icra orqanları nümayəndəliyi cəlb olunub.
Anası Nazimə Məmmədova deyir ki azyaşlı marşrut avtobusuna əyləşərək
Astara rayonunun mərkəzinə doğru gedib.
“Neçə gün idi məktəbə getmirdi, müəlliməsi
zəng vurdu ki, məktəbə gəlsin. Mən də uşağa dedim ki, müəllimə zəng eləyib,
sabah gedərsən məktəbə. Uşaqda dedi ki, sən məni vur öldür mən məktəbə
getmirəm. Öz sumkasını yığıb evdən çıxıb”.
Kənd ərazi icra nümayəndəsi Rəşad Həsənov
deyir ki, itkin xəbəri yayılan qız kəndin bütün istiqamətlərində axtarılıb.
“Saat
11 də məlumat çatdı ki, kənd sakini 2016 – cı il təvəllüdlü Məmmədzadə Reyhan
Məmmədtağı qızı evdən çıxıb və çıxarkən çantalarını da toplayıb, həm paltar
çantasını, həm dəftər – kitabını. Hansı istiqamətdə getdiyi bəlli deyil,
çünki onu dəqiqləşdirə bilmirik ki, hansı istiqamətdə gedib. Bir neçə kameralar
yoxlanılıb, hansı ərazidən keçməsi öz əksini tapmır”.
10 saatdan çox çəkən axtarışlar öz nəticəsini verib. Azyaşlı, polis tərəfindən Astara şəhərinin Qapıçıməhəllə ərazisində tapılıb. Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə Reyhan Məmmədzadə yaşadığı ünvana gətirilib və anasına təhvil verilib.
Azyaşlının
özü də danışıb. Reyhan Məmmədzadə bildirib ki onun evdən getməsinə səbəb
valideyinlərinin ona ehtinasızlığı olub.
“Məktəbə heç
getmək istəmədim. Mən demişdim anaya, ona görə getdim. Kimsə məni eşitmədi.
Mən də acıq elədim”.
Qeyd edək ki, azyaşlının atası bir müddət əvvəl dünyasını dəyişib. Ailənin iki övladı var.