" "44" son illərin ən uğurlu filmidir" - Şəfiqə Məmmədova

" "44" son illərin ən uğurlu filmidir" - Şəfiqə Məmmədova
16:50

Xəbər verdiyimiz kimi, oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycanın Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa, xalqımızın mübarizə ruhuna və tarixi Zəfərinə həsr olunan “44” bədii filminin təqdimatı keçirilib. Vətən müharibəsinin yaratdığı tarixi və mənəvi reallıqları kino dili ilə əks etdirən ekran əsəri təqdimatda iştirak edənlərin diqqətini cəlb edib.

News365.az filmin nümayişindən sonra ekran əsəri ilə bağlı təəssüratları, onun Azərbaycan kinosunda yerini və Vətən müharibəsi mövzusunun sənət vasitəsilə təbliğinin əhəmiyyətini öyrənmək məqsədilə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədovadan müsahibə alıb:

- “44” bədii filmi ilə bağlı təəssüratlarınız nələrdir? Rejissor və ssenari işini necə qiymətləndirirsiniz? 

“Bu çox çətin və cəsarət tələb edən bir iş idi. Bu filmdə istər ssenarist, istər rejissor, istərsə də operator işi çox güclüdür, çox yüksək qiymətləndirirəm. Bu filmdə elə səhnələr var ki, operatorların da qəhrəmanlığı həmin səhnələrdə birbaşa gözə çarpır. Eləcə də filmin qəhrəmanları arasında olan sevgi çox güclüdür. “44” filminin üslubu elədir ki, bizdə əlavə suallar yaranmır. Mən düşünürəm ki, film çox möhtəşəmdir. Bu filmdə iştirak edən hər bir kəs böyük qəhrəmanlıq nümayiş etdirdi. Montaj, səsləndirmə hər biri yüksək səviyyədə idi. Filmin ssenarisi əladır. Bu baxımdan Anar Ələkbərova təşəkkür düşür”. 

- “44” filmini son 30-40 ilin ən yaxşı filmi kimi qiymətləndirmək olar? 

“Mütləq şəkildə olar. Bu film artıq səlnamədir”. 

- Bəs filmdə hansı çatışmazlıqlar var? Xüsusilə, filmin 44 günlük Vətən müharibəsinə həsr olunması baxımından ağır artilleriya səhnələrinin az olduğu deyilir. Bu haqda nə deyə bilərsiniz? 

“Düzü, o möhtəşəmliyin qarşısında filmə çox aludə olmuşdum. İstərdim ki, filmə məhz sənəti nöqteyi nəzərdən bir daha baxım. Mənə elə gəlir ki, döyüş səhnələrinin çox olması diqqətləri mövzudan yayındıra bilərdi. Mən insan faktoruna üstünlük verirəm. İstər müharibə mövzusunda, istər adi həyat mövzusunda insan faktoru güclü olan filmlər daim yaşayacaq”. 

- Filmdə sizə ən çox təsir edən səhnə hansı idi? 

“Şuşa səhnəsi. Bu səhnədə kövrəldim - bəlkə Şuşaya görə, bəlkə Prezidentin çıxışlarına görə... Həmin xronikanın da final səhnəsində əks olunması olduqca təsirli idi. Bu çıxışları bir daha eşitdik və qürurlandıq. Ümumiyyətlə, Şuşanın bütün səhnələri mənə çox təsir etdi”. 


Sizin reklam burada
Sizin reklam burada