“4 il oxuyurlar, sonra kursa gedirlər” - Etibar Əliyevdən diqqətçəkən açıqlama

“4 il oxuyurlar, sonra kursa gedirlər” - Etibar Əliyevdən diqqətçəkən açıqlama
12:40

Azərbaycanda bakalavr pilləsində təhsil müddətinin azaldılması ilə bağlı Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi gündəmə gətirilib.

Təhsil eksperti Etibar Əliyev məsələ ilə bağlı fikirlərini bölüşərək bakalavr təhsilinin müddətinin azaldılması təşəbbüsünün nə üçün məhz indi müzakirəyə çıxarıldığını sual edib.

Ekspert xatırladıb ki, Azərbaycan universitetləri 2005-ci ildə Boloniya prosesinə qoşulub. Onun sözlərinə görə, bu proses çərçivəsində bakalavr təhsilinin 3-4 il, magistratura təhsilinin isə 1-2 il olması nəzərdə tutulur. Lakin Azərbaycanda 21 il ərzində 3 illik bakalavr təhsilinə keçid həyata keçirilməyib.

Etibar Əliyev hesab edir ki, xüsusilə pedaqoji ixtisaslar üzrə təhsil müddətinin azaldılması məqsədəuyğun deyil:

“Bu prosesi pedaqoji ixtisaslar üçün həyata keçirmək mümkün deyil. Pedaqogika, psixologiya və fəlsəfə fənlərinin tədrisi ən azı 2-3 semestr olmalıdır. Riyaziyyat, fizika, kimya və biologiyanın tədrisi metodikası da 2-3 semestr ərzində keçirilməlidir”.

Ekspertin fikrincə, keyfiyyətli müəllim hazırlığı üçün həmin fənlərin tədris proqramları yenidən hazırlanmalıdır. O, xüsusilə fəlsəfə fənninin ali məktəblərdə tədrisinin əhəmiyyətli dərəcədə azaldılmasına diqqət çəkib.

“Onsuz da fəlsəfənin tədrisini demək olar ki, ali məktəblərdən yığışdırıblar”, – deyə Etibar Əliyev bildirib.

Onun fikrincə, mövcud 4 illik bakalavr təhsili müddətində belə keyfiyyətli pedaqoji kadr hazırlığında ciddi problemlər qalır. Ekspert bunu Elm və Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanlarının nəticələrinin də göstərdiyini vurğulayıb.

Etibar Əliyev tələbələrin universiteti bitirdikdən sonra əlavə hazırlıq kurslarına üz tutmasını da düşündürücü məqam kimi qiymətləndirib:

“Ən düşündürücü məqam odur ki, tələbələr 4 illik bakalavr pilləsini bitirdikdən sonra imtahan vermək üçün hazırlıq kurslarına gedirlər”.


Sizin reklam burada
Sizin reklam burada