İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin "Mossad" kəşfiyyat xidmətinin xeyrinə casusluq etmək ittihamı ilə təqsirli bilinən şəxs edam edilib.
News365.az xəbər verir ki, İranın məhkəmə sistemi ilə əlaqəli olan "Mizan" agentliyinin yaydığı məlumata görə, 29 yaşlı Erfan Şakurzade xarici kəşfiyyat orqanlarına məxfi elmi məlumatlar ötürməkdə ittiham olunub. Aerokosmik fakültənin məzunu olan Şakurzade peyk texnologiyaları ilə məşğul olan strateji əhəmiyyətli elmi təşkilatda çalışıb.
İstintaq materiallarına əsasən, o, vəzifə səlahiyyətlərindən istifadə edərək İranın kosmik proqramı və peyk texnologiyaları sahəsindəki dövlət sirlərini ələ keçirib və onları xarici agentlərə təqdim edib. Məhkəmə prosesi zamanı onun CIA və Mossad ilə sistemli şəkildə əlaqə saxladığı və bu fəaliyyəti qarşılığında maddi vəsait əldə etdiyi sübuta yetirilib. İran rəsmiləri bu hadisəni ölkənin elmi və müdafiə potensialına qarşı yönəlmiş ağır xəyanət kimi qiymətləndiriblər. Şakurzade haqqında çıxarılan ölüm hökmü Tehran həbsxanalarından birində icra olunub.
Son aylarda İranda xarici kəşfiyyat şəbəkələrinə qarşı mübarizənin kəskinləşdiyi və bənzər ittihamlarla saxlanılanların sayının artdığı müşahidə olunur. Bu edam beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən tənqid olunsa da, Tehran rəsmi səviyyədə milli təhlükəsizliyi təhdid edən şəxslərə qarşı güzəştsiz mövqe tutacağını nümayiş etdirir.