"Zəfər paradı Azərbaycanın gücünü və birliyini nümayiş etdirdi".
Milli Məclisin deputatı Samir Vəliyev News365.az-a açıqlamasında 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş Zəfər paradının əhəmiyyətini şərh edib.
Deputat bildirib ki, parad yalnız güc nümayişi deyil, həm də tarixə, bu günə və gələcəyə ötürülən simvolik mesajdır:
“44 günlük Vətən müharibəsində qazandığımız tarixi zəfərin rəmzi olaraq keçirilən parad göstərdi ki, bu qələbə təsadüfi deyil. Xalqın birliyi, ordumuzun gücü və Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə əldə olunan uğur paradda aydın şəkildə əks olundu.”
Samir Vəliyev əlavə edib ki, parad zamanı nümayiş etdirilən hərbi texnika, xüsusi təyinatlı qüvvələr və ordunun digər bölmələri Azərbaycanın regionun ən güclü ordularından biri olduğunu təsdiqləyir.
Deputatın sözlərinə görə, Türkiyə və Pakistan dövlət başçılarının paradda iştirakı da qardaş ölkələrlə dostluğun rəmzi kimi qiymətləndirilməlidir:
“Paraddan keçmək həm də şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramdır. Bu tədbir Azərbaycanın həm hərbi, həm siyasi gücünü, həm də gələcəkdə sülhsevər və toxunulmaz bir ölkə kimi mövqeyini nümayiş etdirir.”
News365.az