Azərbaycanda Mikayıl Müşfiq adına Poeziya Teatrı
yaradılıb.
News365.az xəbər verir ki. bu Globalinfo.az-a
tanınmış qiraətçi Xəzər Süleymanlı məlumat verib.
O, tamamilə yeni formatda poeziya teatrı layihəsi
hazırladığını bildirib:
“Bizdə zaman-zaman poeziya teatrı fəaliyyət göstərib. Son
illərdə xalq şairimiz Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə xanımın təşəbbüsü
ilə Vaqif Səmədoğlu Mərkəzinin nəzdində yaradılmış Vaqif Səmədoğlu adına
Poeziya Teatrı müəyyən tədbirlər keçirir.
Mənim illərdir düşündüyüm və üzərində çalışdığım poeziya
teatrı isə tam fərqlidir. Poeziya teatrında təqdim olunacaq tamaşalarda təkcə
aktyorların oyunu yox, həmçinin şairlərin də çıxışı nəzərdə tutulub. Yəni şairlər
öz şeirləri ilə tamaşanın bir hissəsi olacaqlar.
Artıq ssenarilər yazılır. Hələlik müstəqil fəaliyyət göstərəcəyik.
Yerimiz olmadığı üçün tamaşalar müxtəlif məkanlarda baş tutacaq.
Poeziya teatrımızın heyəti bu sahədə kifayət qədər təcrübəsi
olan insanlardan ibarətdir. Onların arasında əməkdar artist Bəhruz Vaqifoğlu,
aktyor, rejissor Kamal Yaşar, aktrisa Sabirə Abdullayeva Rüstəmli, ssenarist Pərviz
Seyidli, şair Aqşin Evrən və şair, ssenarist Rəşad Nağı Mustafa da var.
Teatrımız Mikayıl Müşfiqin adını daşıyacaq. Ümid edirəm ki,
fəaliyyətimiz Azərbaycan incəsənətinə, ədəbiyyatına təkan verə biləcək”.
X.Süleymanlı sözügedən teatrla bağlı yeniliklərin olacağını
vurğulayıb.