"Bölgədə baş verən odur ki, Ermənistanda indiyə qədər mövcud olan ideologiyalar, indiyə qədər davam edən saxta ideyalar artıq çöküb və yerini reallıq hissinin ağır və sancılı qəbuluna verib. Bununla bağlı olaraq Ermənistan nə edəcəyini düşünür, lakin özü də bunun cavabını bilmir."
Politoloq Elçin Alıoğlu bu sözləri News365.az-a açıqlamasında deyib.
"Bunu xüsusi qeyd etmək istəyirəm ki, bölgədə yeni, genişmiqyaslı hərbi əməliyyatlar və ya bunun sinonimi kimi müharibə ehtimalı çox azdır, hətta sıfıra bərabərdir. Buna baxmayaraq, Ermənistan hərbi hazırlıqlara başlayıb. Ermənistan Azərbaycan sərhədində müdafiə mövqeləri qurur, uzunmüddətli müdafiə sistemləri inşa edir, beton istehkamlar tikir və s. Lakin bu, heç bir halda Ermənistanın yeni müharibəyə hazır olması anlamına gəlməməlidir. Yeni müharibə Ermənistanın fəlakəti, yəni intiharı demək olardı. Bunu ermənilər çox yaxşı anlayırlar. Ermənistanın əhalisi o qədər də böyük deyil ki, beş min nəfər insan saxta ideologiyalara, yalançı çağırışlara görə həlak olsun.
Sülh müqaviləsinə gəldikdə isə mən o qədər də nikbin deyiləm. Baxmayaraq ki, erməni tərəfi bildirir ki, biz hər an imzalamağa hazırıq, hətta onun yerini və koordinatlarını da təyin etməyi təklif edirlər, 17 bənddən ibarət olan sülh müqaviləsinin son iki bəndi hələ də razılaşdırılmayıb. Bu isə əslində sadəcə imitasiya və yeni bir erməni saxtakarlığıdır.
Niyə? Çünki mövcud şəraitdə və hazırkı formatda sülh müqaviləsinin imzalanması bizim üçün yeni və daha ağır problemlər yaradacaq. Nəyə görə?
Birincisi, biz Ermənistanla sülh müqaviləsini Nikol Paşinyanla yox, Ermənistan dövləti ilə imzalamalıyıq. Hazırda isə müqavilənin Paşinyanla imzalanması təklif edilir.
İkincisi, Ermənistanla imzalanacaq sülh müqaviləsi, sülh sazişi və ya hər hansı digər sənəd Ermənistanın Konstitusiyasına ziddir. Çünki Ermənistan Konstitusiyasının preambulasında Ermənistanın müstəqillik aktına əsaslanaraq, Azərbaycana qarşı konkret ərazi iddiaları açıq şəkildə göstərilib."