Salyanda ali məktəblərin bərpası istənilir

Salyanda ali məktəblərin bərpası istənilir
18 Mar 2025 16:16

Son günlər Bakı şəhərində yaranan sıxlıq və ali təhsil müəssisələrinin regionlara köçürülməsi məsələsi gündəmdədir. Salyan sakinləri bildirir ki, vaxtilə rayonda bir neçə ali və orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərsə də, son illərdə onların hamısı bağlanıb.

 News365.az-ın məlumatına görə, bir zamanlar Salyanda Azərbaycan Müəllimlər İnstitutunun filialı fəaliyyət göstərirdi. Burada 5 minə yaxın tələbə müxtəlif ixtisaslar üzrə təhsil alırdı. Həmçinin rayonda tibb kolleci, kənd təsərrüfatı texnikumu və “Təfəkkür” Universitetinin filialı mövcud olub. Lakin hazırda Salyanda yalnız Sübhan Cəbrayılov adına Peşə Liseyi fəaliyyət göstərir.

Salyan sakinləri hesab edir ki, rayonda ali və orta ixtisas məktəblərinin yenidən açılması həm təhsil imkanlarını artıracaq, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verəcək.

Salyan sakini Aqil İbrahimov məsafənin uzaqlığının əlavə xərc yaratdığını qeyd edib:

“Mən Mingəçevirdə oxumuşam. Uzaq məsafəyə gedib-gəlmək çətin idi, həm də əlavə xərc tələb edirdi.”

Başqa bir sakin, Mirxədicə Mirzəyeva, ali məktəblərin açılmasını vacib hesab edir:

“Rayonumuzda yalnız bir peşə məktəbi var. Bu da acınacaqlı haldır. Kolleclər və universitetlər açılsa, həm rayon, həm də gənclərimiz inkişaf edər.”

Ekspert Sahib Həsənov isə bildirib ki, regionlarda ali təhsil müəssisələrinin olmaması bölgələrin inkişafına mənfi təsir edir və kadr çatışmazlığı yaradır:

“Universitetlərin regionlara köçürülməsi aktuallaşıb. Salyanda ali təhsil ənənəsi olub və bunun yenidən bərpa edilməsi məqsədəuyğundur.”

Sakinlər ümid edir ki, bu məsələ ilə bağlı müvafiq qurumlar lazımi addımlar atacaq və Salyanda ali təhsil müəssisələri yenidən fəaliyyətə başlayacaq.


Sizin reklam burada
Sizin reklam burada