Tramp İranı Azərbaycan məsəli ilə “vurdu” – Əsl hədəf nədir?

Tramp İranı Azərbaycan məsəli ilə “vurdu” – Əsl hədəf nədir?
18 Mar 2025 16:04
"ABŞ Prezidenti Donald Trampın əmri ilə ölkə donanması 15 martdan etibarən Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar təşkil etməyə başlayıb. Tramp deyib ki, “husilərin atdığı hər bir güllə bundan sonra İranın silahlarından və rəhbərliyindən atılan güllə kimi qiymətləndiriləcək”."

Politoloq Turan Rzayev bunu News365.az-a şərh edib.
"İranın BMT-dəki daimi nümayəndəliyi isə bəyan edib ki, ölkəyə istənilən təcavüz aktının nəticələri olacaq və buna görə ABŞ məsuliyyət daşıyacaq.
Aydın məsələdir ki, Trampı nə Yəmən, nə buradakı xalq, nə də husilər maraqlandırır. Düzdür, husilər son illərdə İsrailə zərbələr vururaq, ya da Ədən körfəzində beynəlxalq ticarəti iflic nöqtəsinə gətirəcək səviyyədə ciddi aktlar gerçəkləşdirib. Lakin bunlara baxmayaraq ABŞ əməliyyatlar keçirmək kimi radikal addım atamamışdı.
Trampın ABŞ qoşunlarına Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar etmək əmri, Azərbaycan məsəli ilə desək, “Qızım, sənə deyirəm, gəlinim sən eşit” məntiqinə söykənir. Çünki Tramp və komandasından verilən açıqlamalarda əsl hədəfin İran olduğu vurğulanır.
Əslində, Trampın niyyəti İranla müharibə, ya da bu ölkəyə müdaxilə deyil. Sirr deyil ki, İran ən zəif halı ilə belə bu kimi müdaxiləyə qarşı ölüm-dirim savaşına başlayacaq. Daha dəqiq desək, Tehran dini ideologiya əsaslı müharibə vəziyyətinə keçə bilər. Belə olduqda isə İran ABŞ üçün ikinci Əfqanıstan olar.
İran-ABŞ qarşıdurması və bu ölkəyə beynəlxalq koalisiyanın hərbi müdaxiləsi İsrailin planıdır. Təl-Əviv hər vəchlə çalışır ki, buna nail olsun. Amma Tramp son ana qədər bu versiyadan yayınmaq istəyir. Trampın hədəfi İranı nüvə sazişinə məcbur edib, prosesi səngitməkdir. Belə olarsa Vaşinton İsrailin tələblərini bloklaya bilər. Lakin Tehranın mövqeyi, xüsusilə İran ali rəhbəri Əli Xameneinin geri addım atmaması gərginliyi artırır.

Nəticə etibarilə rəsmi Tehran nüvə sazişinə qayıtmasa, gec-tez İrana qarşı vaxtilə İraqda olduğu kimi beynəlxalq koalisiyanın iştirakı ilə hərbi müdaxilə qaçılmaz olacaq."

Sizin reklam burada
Sizin reklam burada