Bakı-Quba-Rusiya Dövlət Sərhədi ödənişli avtomobil yolundan istifadə edən sürücülər bir sıra problemlərdən şikayətçidir. Onların əsas narazılığı magistral yolda işıqlandırma sisteminin yetərsiz olmasıdır. Sürücülər bildirirlər ki, yol boyu işıqlandırma yalnız giriş-çıxış hissələrində mövcuddur, bu isə gecə saatlarında təhlükəsizliyi sual altına qoyur.
News365.az xəbər verir ki, yolda çəkiliş aparan müxbirlər bildirir ki, magistralın Xaçmazdan keçən hissələrində və digər ərazilərdə yalnız giriş-çıxış nöqtələrində işıqlandırma var. Yolun qalan hissələri isə qaranlıqdır. Bu, xüsusilə gecə saatlarında hərəkət edən sürücülər üçün ciddi problemlər yaradır.
Sürücülərdən Murad Piroğlanov qeyd edir ki, işıqlandırma yalnız müəyyən hissələrdə var, digər hissələr isə tam qaranlığa bürünür. Fikrət Quliyev isə əlavə edir ki, qaranlıq yolda dəfələrlə qarşılarına heyvan çıxıb və bu, qəza təhlükəsi yaradıb. Türkiyədən olan TIR sürücüsü Adem Emir isə bildirir ki, digər ölkələrdə işıqlandırma yüzdə doxsan səviyyəsində olsa da, bu yolda bu göstərici yüzdə ondan da aşağıdır.
Sürücülərin narazılığı təkcə işıqlandırma ilə məhdudlaşmır. Onlar yolda texniki yardım və yanacaqdoldurma məntəqələrinin azlığından, ticarət obyektlərinin və istirahət zonalarının olmamasından da şikayət edirlər.
Fikrət Quliyev bildirir ki, yol boyu avtomobil nasazlığı baş verdikdə, onu aradan qaldırmaq üçün heç bir yardım məntəqəsi yoxdur. Murad Piroğlanov isə əlavə edir ki, ticarət obyektləri, restoranlar və yanacaqdoldurma məntəqələri demək olar ki, mövcud deyil. TIR sürücüsü Adem Emir isə istirahət yerlərinin və təhlükəsiz dayanacaqların vacib olduğunu vurğulayır: “Ödənişli yolda bütün bu imkanlar olmalıdır, çünki biz pul ödəyiriksə, qarşılığını da almalı olduğumuzu düşünürük”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirib ki, yolda bütün zəruri ərazilərdə işıqlandırma sistemləri quraşdırılıb. Lakin sürücülərin və yerində aparılan müşahidələrin nəticəsi göstərir ki, bu, yalnız giriş-çıxış hissələrini əhatə edir.
Sürücülər isə haqlı olaraq sual edirlər: əgər bir avtomobilin faralarında nasazlıq yaranarsa və yolda işıqlandırma olmazsa, bunun nəticələrinə kim cavabdeh olacaq?