"Britaniya uğrunda" hava döyüşünün sonuncu veteranı öldü

"Britaniya uğrunda" hava döyüşünün sonuncu veteranı öldü
18 Mar 2025 16:05

İkinci Dünya Müharibəsinin (1939-1945) ən böyük hava döyüşlərindən biri olan "Britaniya uğrunda" döyüşün sonuncu iştirakçısı Con Allman Heminquey martın 17-də Dublində vəfat edib. Bu barədə Britaniyanın “The Daily Mail” qəzeti məlumat yayıb. Nəşr onun oğlu Brayan Heminqueyə istinad edib.

Pilot 105 yaşında dünyasını dəyişib. Brayan atasının şən bir insan olduğunu və hətta həyatının son günlərində də mübarizə ruhunda qaldığını söyləyib.

Brayan Heminquey qeyd edib ki, atası heç vaxt özünü xüsusi bir şəxs hesab etməyib, o, döyüş meydanında düşmənlə göz-gözə qalan dostlarını görkəmli insanlar adlandırırmış.

Böyük Britaniyanın baş naziri Keir Starmer özünün X səhifəsində yazıb ki, Con Heminqueyin şücaəti, eləcə də bütün pilotlarının cəsarəti İkinci Dünya Müharibəsinin bitməsinə və krallığın azadlığının təmin olunmasına kömək edib. Siyasətçi vurğulayıb ki, bu əsgərlərin göstərdiyi xidmətlər və şücaətlər heç vaxt unudulmayacaq.

Con Alman Heminquey Dublində anadan olub. İkinci Dünya Müharibəsi zamanı ona irlandiyalı mənasını verən Peddy ləqəbi qoyulub. O, Britaniya Kral Hərbi Hava Qüvvələrində pilot kimi xidmət edib.

Müharibə zamanı Peddinin təyyarəsi havaya qalxarkən qəzaya uğrayıbmış. O, hətta dörd dəfə vurulub, italyan partizanlarının köməyi ilə faşistlərin işğalı altındakı ərazilərdən keçərək öz ölkəsinə yollanıb. Bundna başqa, veteran tullanan zaman paraşütü normal şəkildə açılmayıb. Buna baxmayaraq Peddi möcüzə nəticəsində sağ qalıb.

Tarixi "Britaniya uğrunda" döyüşü 1940-cı il iyulun 10-dan oktyabrın 30-dək davam edib. Bu, Böyük Britaniya üzərində səmada gedən gərgin hava döyüşləri olub. Britaniya Hərbi Hava Qüvvələri Adolf Hitlerin krallığın sənayesini və infrastrukturunu məhv etmək və sakinləri mənəvi cəhətdənı sarsıtmaq planlarını alt-üst edib. Bununla da nasist Almaniyası Londonun təslim olmasına nail ola bilməyib, həm də SSRİ-yə planlaşdırdığı hücum üçün təhlükəsiz arxa cəbhəni təmin edə bilməyib.

Tural 


Sizin reklam burada
Sizin reklam burada