"Ermənistan ordu sıralarında müxtəlif islahatlar həyata keçirməlidir"- Politoloq

"Ermənistan ordu sıralarında müxtəlif islahatlar həyata keçirməlidir"- Politoloq
18 Mar 2025 15:46

"Azərbaycanın mövqelərinin bir neçə gündür ki, sistematik atəşə tutulması Ermənistanın sülhdə maraqlı olmadığını  göstərir. Həmçinin diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması və sülh üzrə danışıqların yekunlaşdırılması ilə bağlı məlumatın paylaşılmasından sonra atəşkəs rejimi pozulur, hərbi təxribatlar baş verir və mövqelərimiz fasilələrlə atəşə tutulur. Bu vəziyyət tamamilə qəbuledilməzdir və görünür ki, bir tərəfdə Ermənistan sülhə maraqlı olduğunu iddia etsə də, Fransa və Hindistandan silah alaraq digər tərəflərə də silah tədarükü üçün cəhdlər həyata keçirilir. Bununla gərginliyin artırılması ilə bütün diqqət regiona yönəldilir."

Politoloq İlyas Hüseynov bunu  News365.az-a açıqlamasında deyib. 

"Rus-Ukrayna müharibəsinin dayanması sanki Ermənistan və onun havadarları Cənubi Qafqazda sülhə və təhlükəsizliyə  təhdid yaratmaqda maraqlıdırlar. Eyni zamanda, Ermənistanın konstitusiyasının dəyişdirilməsi zəruridir. Bu, Azərbaycanın haqlı tələbidir, və konstitusiyanın giriş hissəsində Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. 

ATƏT-in Minsk qrupu buraxılmalıdır və əgər tərəflər arasında razılıq varsa, bu barədə ATƏT-in Katibliyinə müraciət edilə bilər. Hazırda bu məsələ siyasi gündəmdədir və bu cür önəmli məsələlərin müzakirə edildiyi bir dövrdə atəşkəsin pozulması gərginliyin artırılmasına hesablanmış bir addımdır. Düşünürəm ki, bu, arzuolunmazdır.

Ermənistan siyasi iradə nümayiş etdirməli və daxildə, xüsusilə də ordu sıralarında müxtəlif islahatlar həyata keçirməlidir. Çünki geniş yayılmış fikir bundan ibarətdir ki, Ermənistan ordusunda baş komandanlığa tabe olmayan bəzi silahlı qruplaşmalar mövcuddur.

Eyni zamanda, Avropa İttifaqının mülki missiyası da regionda destruktiv xarakter daşıyır. Sülh müqaviləsində açıq şəkildə göstərilir ki, Ermənistan-Azərbaycan sərhədində üçüncü ölkələrə və ya xarici güc mərkəzlərinə aid hərbi qüvvələr yerləşdirilə bilməz. Hesab edirəm ki, Avropa İttifaqının mülki missiyası regiondan çıxdıqdan sonra Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi ilə yanaşı, demilitarizasiya zonası da yaradılmalıdır ki, gələcəkdə hər hansı gərginlik müşahidə olunmasın.

Bu, çətin, lakin mümkün olan məsələlərdir və onların həlli üçün səylər artırılmalıdır."-deyə politoloq fikirlərini bildirib. 


Sizin reklam burada
Sizin reklam burada