"Son zamanlar Azərbaycan-Ermənistan sülh müqaviləsi istiqamətində bir sıra müsbət addımlar müşahidə edilir. Ermənistan tərəfindən son dövrlərdə sülh müqaviləsinin şərtlərinin tam şəkildə qəbul edildiyi artıq bəyan olunub. Lakin digər tərəfdən biz Ermənistanın bölgələrimizi fasilələrlə atəşə tutduğunu da müşahidə edirik. Təbii ki, bu cür addımlar sülhə mane olmaq deməkdir."
Millət Vəkili Samir Vəliyev bu sözləri News365.az-a açıqlamasında deyib.
"Belə bir münasibətin sərgilənməsi – yəni, bir tərəfdən müqavilə şərtlərinin qəbul edilməsi, digər tərəfdən isə sülhə mane olmaq məqsədilə bölgələrimizin atəşə tutulması – bir daha onu göstərir ki, Ermənistan tam şəkildə sərbəst olaraq öz taleyini həll edən bir ölkə deyil. Marionet ölkə kimi Fransa və Avropa İttifaqı tərəfindən idarə olunan bir dövlət olaraq Ermənistan bu gün bir tərəfdən sülhə doğru addım atdığını bəyan edir, digər tərəfdən isə ərazilərimizi atəşə tutur.
Bu onu göstərir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasının daha çox uzadılmasının tərəfdarıdır. Və hesab edirəm ki, Ermənistan dairələri, xüsusilə də baş nazir Paşinyan tam şəkildə anlayır ki, gec-tez belə bir müqavilə imzalanacaqdır. Azərbaycan isə regionda reallıqları yaradan bir dövlətdir.
Azərbaycan regionda, Cənubi Qafqazda sabitliyin və stabilliyin tərəfdarı kimi gec-tez belə bir sülh müqaviləsinin imzalanmasına nail olacaqdır. Bu istiqamətdə də düşünürəm ki, Ermənistanın atmalı olduğu addımları yaxın müddət ərzində biz birbaşa şahid olacağıq."- deyə fikirlərini bildirib.