Qanlı yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar paytaxtın Yasamal rayonunda yerləşən 20 Yanvar dairəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə Yasamal rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə anım mərasimi keçirilib.
News365.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə millət vəkilləri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri,YAP fəalları, ziyalılar və şəhid ailələri 20 Yanvar abidə kompleksinə gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə həyatlarını fəda etmiş vətən övladlarını təcəssüm etdirən kompleksin önünə tər qərənfillər düzüb, şəhidlərimizin xatirəsinə ehtiramlarını bildiriblər.
Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Anım mərasiminin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb və onlara dərin hüznlə başsağlığı verib.
Daha sonra Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib.