Xəbər verildiyimiz kimi, İrana məxsus olan pilotsuz uçuş aparatlarının (PUA) Naxçıvan Muxtar Respublikasındakı Naxçıvan Beynəlxalq Hava Limanı və ətraf ərazilərə düşməsi nəticəsində hava limanına ziyan dəyib. Naxçıvan hava limanının bağlanması isə Bakı ilə Naxçıvan arasında birbaşa hava əlaqəsinin müvəqqəti kəsilməsinə səbəb olub. Bu vəziyyəti nəzərə alan Türkiyə tərəfi Bakıdan Naxçıvana uçan təyyarələrin Iğdıra enməsi və sərnişinlərin xüsusi ayrılmış avtobuslarla Naxçıvana çatdırılması təklifini irəli sürüb.
Bu məsələ iki qardaş ölkənin XİN rəhbərləri arasında telefon danışığı zamanı da müzakirə edilib. Rəsmi Bakı qardaş ölkənin bu təklifi qəbul edib və artıq Bakıdan qalxan təyyarələr Iğdır hava limanına eniş edir. Martın 5-də axşam beş sərnişin təyyarəsi Iğdır hava limanına eniş edib. İlk təyyarə ilə birlikdə 72 sərnişin Iğdıra çatıb.
Bu arada bəlli olub ki, Iğdıra gedən sərnişinləri hava limanında Iğdır millət vəkili Cantürk Alagöz, Iğdır vali müavini Ahmet Gökçecik, Azərbaycanın Kars şəhərindəki baş konsulu Zamin Əliyev, Iğdır Universitetinin rektoru Ekrem Gürel, AK Partiya Iğdır il təşkilatının sədri Ali Kemal Ayaz və Iğdır hava limanının müdiri Fikret Bağca çiçəklərlə qarşılayıblar.
Iğdır millət vəkili Cantürk Alagöz baş verən hadisə ilə bağlı açıqlamasında bunları deyib: “Oradakı vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq. Yaralılarımıza təcili şəfa arzulayırıq. Bölgədə baş verən hadisələrin daha da böyüməsini istəmirik. Yanıbaşımızda baş verən hadisələr təbii ki, bizi də təsirləndirir. Naxçıvan hava limanında baş verən hadisəyə görə hava limanı bir müddətlik uçuşlara bağlanıb. Təhlükəsizlik baxımından Bakı–Naxçıvan uçuşları bundan sonra Iğdır üzərindən həyata keçiriləcək. Naxçıvanlı, azərbaycanlı qardaşlarımızı burada görməkdən məmnunluq duyacağıq”.
C.Alagöz həmçinin bildirib ki, Iğdır hava limanının ilk dəfə beynəlxalq uçuşlara xidmət göstərməsi mühüm hadisədir. Onun sözlərinə görə, hava limanının gömrük zonası statusu alması və uçuşların açılması bu prosesdə böyük əhəmiyyət daşıyır.
Beləliklə, bu, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını dünyaya bird aha nümayiş etdirib. Eyni zamanda, Azərbaycanı, Türkiyəni, türk dünyasını hədəfə alan fars-molla rejiminə növbəti tərs sillə olub.