Bank “BTB” ASC-nin bank olmayan kredit təşkilatı formasında yenidən təşkilinə qabaqcadan razılığın verilməsi və müştəriləri ABB-yə ötürülüb.
New365.az xəbər verir ki, bu barədə AMB-in İdarə Heyəti qərar verib. Belə ki, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-yə çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcəkdir.
Bu çərçivədə, Bank “BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB tərəfindən onların depozitlərinin geri qaytarılması təmin olunacaqdır. Həmçinin, Bank “BTB” ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları ABB-yə ötürüləcək və ödənişlərin qəbulu ABB tərəfindən həyata keçiriləcəkdir. Sözügedən məsələlərlə bağlı müştərilərə məlumatlar ABB və Bank “BTB” ASC tərəfindən müvafiq kommunikasiya kanalları vasitəsilə çatdırılacaqdır.
Beləliklə, Bank “BTB” ASC-nin yenidən təşkili bankın kreditorları, o cümlədən əmanətçiləri üçün heç bir təhdid yaratmır.
Bank “BTB” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi cəmi 0.6%, kredit portfelində 0.9%, sektorun öhdəliklərində isə 0.6% təşkil edir.
Qeyd edək ki, "BTB" Prezident aparatının sabiq rəhbəri, hazırda vətənə xəyanətdə ittiham edilən Ramiz Mehdiyevin ailəsinə məxsusdur.