Ukrayna hakimiyyəti ərazi itkisini rəsmən tanımaq, NATO və Avropa İttifaqına üzv olmaqdan imtina, yaxud silahlı qüvvələrin məhdudlaşdırılmasına razılıq vermək niyyətində deyil. Bu barədə RBC-Ukrayna agentliyinə müsahibəsində Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfi heç vaxt ərazi itkilərini tanımayacaq. O vurğulayıb ki, heç kim Kiyevin bu və ya digər ittifaqda iştirakını qadağan edə bilməz.
Qeyd edək ki, son günlər cəbhədə vəziyyət Rusiyanın xeyrinə dəyişib. ABŞ isə Kiyevi Rusiya ilə güzəştli danışqılara sövq etməyə çalışır.
Martın 13-də “Şimal” qüvvələr qrupunun komandanlığı Rusiya prezidenti Vladimir Putinə Kurskun 2024-cü ilin avqustunda başlamış işğalına son qoyulması üzrə əməliyyatın son mərhələsinə çatdığını bildirib.
Bundan əvvəl Putin Kurskdan danışarkən sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural