Şəxsiyyət və sürücülük vəsiqələri artıq daha asan əldə olunacaq- YENİLİK

Şəxsiyyət və sürücülük vəsiqələri artıq daha asan əldə olunacaq- YENİLİK
09:40

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı proseslərin onlaynlaşdırılması planlaşdırılır. Bununla bağlı qanun layihəsi hazırlanıb və təsdiq ediləcəyi təqdirdə vətəndaşlar üçün bir sıra mühüm yeniliklərə yol açacaq. Maraqlıdır, bu nələri dəyişə bilər?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, söhbət hələlik qanun layihəsindən gedir:

“Əgər bu layihə təsdiqlənsə, sənədlərin təqdim olunması üçün vətəndaşların yollarda vaxt itirərək, tıxacda müvafiq qurumlara getməsinə ehtiyac qalmayacaq. Bütün müraciətlər elektron platforma üzərindən həyata keçiriləcək”.

Ekspertin sözlərinə görə, onlayn sistemdə ilkin tələb olunan sənədlər müvafiq səhifəyə yüklənəcək:

“Vətəndaş sadəcə elektron formada müraciət, sənədləri sistemə əlavə edəcək. Sənəd hazır olduqdan sonra isə onu götürmək üçün çağırış ediləcək. Bu da həm vaxt itkisini azaldacaq, həm də prosesi xeyli sadələşdirəcək”.

Yasin Mustafayev qeyd edib ki, bu dəyişikliklər ilk növbədə vaxt və resurslara qənaət baxımından vətəndaşlar üçün daha rahat olacaq:

“Xüsusilə sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı zamanı yaranan sıxlıq aradan qalxacaq. Elektron müraciət sistemi bu sahədə şəffaflığı və operativliyi artıracaq”.

Qeyd edək ki, qanun layihəsi təsdiqləndikdən sonra onlayn müraciət mexanizmləri və texniki detallar barədə əlavə məlumatların açıqlanacağı gözlənilir./// KONKRET.az


Sizin reklam burada
Sizin reklam burada