Şəhid ailələri və əlillər üçün dövlət rüsumlarında yeni güzəştlər

Şəhid ailələri və əlillər üçün dövlət rüsumlarında yeni güzəştlər
12:22

Azərbaycanda dövlət rüsumu tutulmayan şəxslərin əhatə dairəsi genişləndirilir.

News365.az xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlara yeni maddələr əlavə olunur.

Yeni maddəyə görə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən bəzi xidmətlər və hüquqi hərəkətlər üçün dövlət rüsumu tutulmur.

Qeyd edilib ki, həmin xidmətlər daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi ilə bağlıdır.

Buraya aiddir:

- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport ve plan ölçü) verilməsi;

- torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;

- əmlak üzərində hüquqların məhdudlaşdırılmasına daşınmaz (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi,

- ipotekanın dövlət qeydiyyatına alınması, eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.

Qanun layihəsi birinci oxunuşda təsdiq edilib.


Sizin reklam burada
Sizin reklam burada