Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyi hamı əslən naxçıvanlı kimi tanıyır. Rəsmi sənədlərə görə, Əbülfəz Əliyev (Elçibəy) 1938-ci ilin 24 iyununda Naxçıvan MR Ordubad rayonunun Kələki kəndində anadan olub. Orta məktəbi də Ordubadda bitirib.
Amma çoxlarının naxçıvanlı olaraq tanıdığı Əbülfəz Elçibəy əslən Muxtar Respublikadan deyilmiş.
Eks-prezidentin qardaşı oğlu Hürrü Əliyevlə əlaqə saxlayıb.
Elçibəyin qaradaşı oğlu əslən naxçıvanlı olmadıqlarını təsdiqləyib. O bildirib ki, Əbülfəz Elçibəyin həm ana, həm də ata tərəfi fərqli bölgələrdəndir. Yəni hər iki tərəf naxçıvanlı deyil:
“Ana tərəfimiz Qərbi Azərbaycandan - Qafan rayonunun Pirdavdan kəndindəndir. Bu dəqiqdir. Onlar keçən əsrin əvvəllərində - 1915-ci illərdə Qərbi Azərbaycandan Ordubadın Kələki kəndinə köçüblər. Burada da nənəmlə babam ailə həyatı qurublar”.
Hürrü Əliyev ata tərəfdən Güney Azərbaycandan - Ərdəbildən olduqlarını qeyd edib:
“Bizim ata tərəfdən soyumuz Güney Azərbaycandandır. Kökümüz Ərdəbildəndir. Ata babalarımız əvvəlcə Ərdəbildən Xoyun Zunuz kəndinə, oradan da Naxçıvanın Kələki kəndinə köçüblər. Ata soyumuz Səfəvilər təriqətinin əsasını qoyan Şeyx Səfiəddinin Ərdəbilininin xələflərindəndir. Bizim ulu babamız Şeyx Sədrəddindir. 500 illik soy şəcərəmizin rəsmi dəri üzərində ərəbcə yazılmış forması bu dəqiqə Əbülfəz Elçibəyin ev muzeyində saxlanılır.
Mən özüm də soyumuzun kökü ilə maraqlanırdım ki, Əbülfəz Elçibəy kimi qeyri-adi adam necə yetişib... Elçibəy seyid nəslindəndir. Lakin biz seyid nəslindən olduğumuzu göstərən “mir” sözönünü götürməmişik”./// modern