Xaricdə təhsil dünya miqyasında daim aktual olan və gənclərin inkişafında mühüm rol oynayan istiqamətlərdən biridir.
Xaricdə təhsil almaq istəyən tələbələr bu imkan vasitəsilə yalnız akademik biliklərini artırmır, eyni zamanda fərqli mühitlərdə təcrübə qazanaraq daha çevik, dünyagörüşlü və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşırlar.
Məhz bu səbəbdən bu gün minlərlə gənc yerli təhsillə kifayətlənməyərək, xarici universitetlərə üz tutur və gələcəkdə ölkəsinin inkişafına töhfə vermək məqsədilə özünü daha yüksək səviyyədə yetişdirməyə çalışır.
Bu ənənənin kökləri tarixə dayanır. Hələ Mustafa Kamal Atatürk dövründə gənclərin xaricə göndərilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur.
Azərbaycanda isə bu siyasət Ümummilli lider Heydər Əliyev tərəfindən sistemli şəkildə davam etdirilmiş, xüsusilə 1990-cı illərdən etibarən milli kadrların hazırlanmasında xaricdə təhsilə xüsusi önəm verilmişdir. Bu siyasət bu gün də ardıcıl şəkildə inkişaf etdirilir.
Müasir dövrdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət proqramları xaricdə təhsili daha geniş miqyasda təşviq edir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” kimi təşəbbüslər minlərlə tələbənin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaratmış, ölkənin intellektual potensialının gücləndirilməsinə ciddi töhfə vermişdir.
Bu siyasət nəticəsində xaricdə təhsil almış kadrlar bu gün müxtəlif sahələrdə ölkənin inkişafına xidmət edir.
Bütün bunları nəzərə aldıqda demək olar ki, xaricdə təhsil təkcə fərdi inkişaf vasitəsi deyil, həm də dövlətlərin strateji investisiyasıdır. Buna görə də, övladını xaricə təhsil üçün göndərən valideynlər və xaricdə təhsil almaq istəyən vətəndaşlar diqqətli olmalı, sosial şəbəkələrdə yayılan saxta məlumatlara inanmamalı, peşəkarlara üz tutaraq təhsil həyatını riskə atmamalıdır.
Mövzu ilə bağlı Ingla İnternational Education and Training Center-in İcraçı direktoru, xaricdə təhsil üzrə ekspert Rza Babayev açıqlama verib:
“Xaricdə təhsil almaq istəyən tələbələr və övladlarını bu istiqamətdə yönləndirmək istəyən valideynlər ilk növbədə universitetlərin akkreditasiyasına diqqət etməlidirlər. Universitetlərin reytinqinə baxmalı, ölkə seçimini düzgün etməlidirlər. Burada əsas məsələ yalnız tələbəni xaricə göndərmək deyil, eyni zamanda onun yaşayış şəraiti, təhsil haqqı, yataqxana xərcləri və ümumi dolanışıq imkanlarının uyğun olmasıdır. Buna görə də ölkə, şəhər və universitet seçimi düzgün aparılmalıdır. Bəzi universitetlər xarici tələbələr üçün təqaüd imkanları yaradır. Xüsusilə Avropa və Özbəkistan universitetlərini buna nümunə göstərə bilərik. Bu zaman tələbələrin təhsil haqqı, yataqxana xərcləri və digər müəyyən xərcləri qarşılanır. Təqaüd proqramları vasitəsilə xərclərin böyük hissəsi ödənildiyi üçün tələbələr daha rahat şəkildə təhsil ala bilirlər və bu, onlar üçün ciddi dəstəkdir. Digər tərəfdən, təqaüd imkanları olmayan ölkələr də var ki, bu ölkələrdə yaşayış xərcləri, yataqxana qiymətləri və təhsil haqları daha münasib olur. Bundan əlavə burada tələbənin xaricdə oxuyub oxuya bilməməsi də nəzərə alınmalıdır. Bu gün Türkiyədə yüzlərlə tələbə var ki, oxuya bilmədikləri üçün kəsrləri yaranıb və universiteti bitirə bilmirlər. Buna görə də universitet seçimində tələbənin potensialı mütləq nəzərə alınmalıdır”.
Ekspert həmçinin hibrid təhsil, magistratura, doktorantura və distant təhsil ilə bağlıda məlumat verib: “Ümumiyyətlə, təhsil formasını seçərkən – əyani, qiyabi, distant, hibrid və açıq təhsil formalarında – diplomların tanınması ilə bağlı suallar yaranır. Distant, qiyabi və hibrid təhsil diplomları, bəzi istisnalar olmaqla, Azərbaycanda tanınmır. Bu mövzu ətrafında müzakirələr aparılsa da, hazırkı vəziyyətdə diplomlar tanınmır. Valideynlər və tələbələr bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Çünki tələbə illərlə təhsil alır, maddi vəsait xərclənir, lakin sonda diplom tanınmadıqda ciddi problemlər yaranır. Təəssüf ki, bəzi hallarda tələbələrə yanlış məlumat verilir, düzgün istiqamətləndirilmirlər. Bu səbəbdən biz bu kimi halların qarşısının alınması və tələbələrin doğru yönləndirilməsi üçün fəaliyyət göstəririk. Hətta son dövrlərdə belə hallarla rastlaşmışıq ki, saxta sənədlər təqdim olunur, tələbə ölkədən çıxmadan guya xaricdə təhsil aldığı göstərilir. Bu isə tamamilə yolverilməzdir və tələbələr bu kimi hallara qarşı çox diqqətli olmalıdırlar.
Ekspert xaricdə təhsildə tələbələrin üstünlük verdiyi ölkələrdən danışıb: “Ümumiyyətlə, xaricdə təhsil almaq istəyən tələbələr daha çox Türkiyə, Avropa ölkələri, Qazaxıstan, Rusiya və Özbəkistana üstünlük verirlər. Xüsusilə Özbəkistanla bağlı qeyd etmək istərdim ki, bu ölkədə təhsilin inkişafında və Azərbaycan tələbələrinin orada təhsil almasına şərait yaradılmasında böyük işlər görülüb. Biz Ingla İnternational Education and Training Center olaraq Özbəkistan universitetlərinin Azərbaycanda ilk təhsil sərgisini təşkil etdik. Ümumilikdə İki sərgi keçirildi və bu sərgilərdə 40-dan çox universitet iştirak etdi. Sərgilərdən əvvəl Özbəkistanda təhsil alan 11 azərbaycanlı tələbə var idi ki, sərgilərdən sonrakı qəbul ilində bu say 200-dən artıq oldu. Bu il qəbulunda isə bu sayın daha da artacağı gözlənilir. Özbəkistanda təhsil hazırda Azərbaycan və digər ölkələr üçün aktual istiqamətlərdən biridir. Ingla School Özbəkistana tələbə göndərilməsi ilə bağlı davamlı görüşlər keçirir və Özbəkistan-Azərbaycan xaricdə təhsil sferasını inkişaf etdirir. Onu da qeyd etmək istəyirəm ki, çox peşəkar, işinin mütəxəssisi olan xaricdə təhsil şirkətləri mövcuddur ki, ölkəmizi xaricdə uğurla təmsil edirlər.
Ekspert əlavə edib ki, bu sahədə bəzi yanlış məlumatlar da yayılır. Xüsusilə qeyd etmək istəyirəm ki, Özbəkistanda hibrid təhsil mövcud deyil, qiyabi təhsil forması yoxdur və bütünləşmiş doktorantura proqramları tətbiq edilmir. PhD təhsili almaq istəyən tələbələr müvafiq qaydada qeydiyyatdan keçməli və elmi jurnallarda dərc olunmuş məqaləyə sahib olmalıdırlar. Bu tələblər olmadan təqdim edilən qəbul təklifləri saxta hesab olunur. Bu məsələdə tələbələr çox diqqətli olmalı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməlidirlər. Biz xaricdə təhsil şirkəti olaraq həmçinin tələbələrə mentorluq xidmətləri təqdim edirik. Tələbələr ölkə seçimi, ixtisas seçimi və müraciət prosesi ilə bağlı dəstək alırlar. Əslində tələbələr özləri də müraciət edib universitetlərdən qəbul ala bilərlər. Əsas məsələ düzgün seçimdir: ixtisasın, şəhərin və universitetin doğru seçilməsi tələbənin gələcək karyerasına birbaşa təsir göstərir. Azərbaycanda bu sahədə fəaliyyət göstərən təcrübəli təhsil şirkətləri və ekspertlər tələbələrə doğru istiqamət verməkdə mühüm rol oynayırlar”.