ABŞ Prezidenti Donald Tramp ilə İsrail Baş naziri Binyamin Netanyahu arasındakı münasibətlərdə gərginliyin pik həddə çatdığı və liderlər arasındakı telefon danışıqlarının sərt keçdiyi iddia olunur.
News365.az xəbər verir ki, "The Wall Street Journal" (WSJ) və "Axios" nəşrlərinin yaydığı məlumatlara görə, iki lider arasındakı telefon danışıqları artıq dostyana xarakter daşımır, əksinə, qarşılıqlı ittihamlar və sərt tənqidlərlə keçir.
İddialara görə, Tramp İsrailin Livandakı hərbi əməliyyatlarına görə Netanyahuya kəskin etirazını bildirib. Son telefon danışıqlarının birində Trampın Netanyahuya hiddətlə "Niyə binaları havaya uçurursunuz? Binaları partlatmağı dayandırın!" - dediyi iddia olunub.
Trampın xüsusilə bölgədəki hərbi gərginliyin qlobal iqtisadiyyata ziyan vurmasından və neft qiymətlərini süni şəkildə artırmasından ciddi narahatlıq keçirdiyi bildirilir. WSJ-nin mənbələrinə görə, ABŞ Prezidenti İran və İsrail arasındakı gərginliyin ABŞ iqtisadiyyatını çıxılmaz vəziyyətə saldığını vurğulayıb. O, bu müharibənin qlobal resessiya riskini artırdığını və özünü 1930-cu illərin "Böyük Depressiya" dövrünün uğursuz prezidenti Herbert Huver ilə eyni taleyi yaşamağa sürükləyə biləcəyindən qorxur.
Trampın yaxın ətrafı ilə söhbətində Netanyahu haqqında olduqca ağır ifadələr işlətdiyi də məlumatlar arasındadır. Mənbələr Trampın məsləhətçilərinə "Netanyahunu heç kim idarə edə bilməz" - dediyini və İsrail Baş nazirinin daim daha çox hərbi əməliyyat keçirmək istəyindən şikayətləndiyini bildirib.
Digər tərəfdən, Netanyahunun da bəzi məqamlarda Trampa təzyiq etdiyi, nüvə sazişi prosesində ona “Donald, bunu necə sübut edəcəksən?" sualını verərək İrana əsla güvənməmək lazım olduğunu israrla müdafiə etdiyi bildirilib.
Mənbələr qeyd edib ki, atəşkəs əldə olunmasına baxmayaraq, İsrailin Livana qarşı hücumlarını davam etdirməsi Trampı ən çox qəzəbləndirən amildir. Tramp bir müddət əvvəl İsrail və Livan rəsmilərini Oval Ofisə çağıraraq birbaşa vasitəçilik etmək və razılaşmanı şəxsən təmin etmək istəyib.
"Axios"un yaydığı digər bir iddiaya görə, Tramp Netanyahu üçün "tamamilə dəli" ifadəsini işlədib və onun dəstəyi olmasaydı, İsrail Baş nazirinin hazırda həbsxanada olacağını iddia edib.
Ağ Ev rəsmiləri Netanyahunun öz siyasi kreslosunu qorumaq və hakimiyyətini gücləndirmək üçün müharibəni qəsdən uzatdığına inanırlar. Ekspertlərin fikrincə, bu dərin böhranın kökündə İran siyasəti və Livandakı hərbi əməliyyatlar dayanır. Tramp iqtisadi sabitliyi prioritet hesab etdiyi halda, Netanyahu regional hərbi təzyiqi artırmağa çalışır.