Vaşinqtonda tarixi saziş: ABŞ Zəngəzur dəhlizində xüsusi hüquqlar əldə edir

Vaşinqtonda tarixi saziş: ABŞ Zəngəzur dəhlizində xüsusi hüquqlar əldə edir
15:26

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə keçiriləcək yüksək səviyyəli görüşün sülh sazişinin imzalanması ilə nəticələnəcəyi gözlənilir. "Reuters" agentliyinin yaydığı məlumata görə, görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev iştirak edəcək və Cənubi Qafqaz üçün yeni mərhələnin başlanğıcını qoyacaq sənədə imza atacaqlar.

News365.az xəbər verir ki, imzalanacaq çərçivə sənədində ən diqqətçəkən məqam isə Zəngəzur dəhlizinə dair müddəalardır. Belə ki, strateji əhəmiyyət daşıyan bu tranzit marşrutu “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlandırılacaq. Sənədə əsasən, Ermənistan bu dəhliz üzərində ABŞ-a xüsusi infrastruktur inkişafı və idarəetmə hüquqları verməyə razılaşıb.

ABŞ öz növbəsində dəhlizin idarəsini kommersiya əsaslı subpodratçılar vasitəsilə həyata keçirməyi planlaşdırır. Bu, həm regional iqtisadi inteqrasiyanı gücləndirmək, həm də Vaşinqtonun Cənubi Qafqazdakı təsirini artırmaq məqsədi daşıyır.

Sazişin digər mühüm maddəsi isə uzun illər regionda vasitəçilik edən, lakin fəaliyyəti faktiki dayanmış ATƏT-in Minsk Qrupunun rəsmi olaraq buraxılması ilə bağlıdır. Ermənistan və Azərbaycan rəhbərlərinin bu sənədə də imza atacağı gözlənilir.

Yeni sənəd Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması üçün konkret yol xəritəsi təqdim edir və Vaşinqtonun regionda əsas vasitəçi aktora çevrilməsini təsdiqləyir.

News365.az


Sizin reklam burada
Sizin reklam burada