Ermənistanda kilsə dəstəyi ilə hökumətə qarşı yeni siyasi cəbhə formalaşır

Ermənistanda kilsə dəstəyi ilə hökumətə qarşı yeni siyasi cəbhə formalaşır
14:26

Ermənistanda son günlər kilsə nümayəndələrinin iştirakı ilə keçirilən etirazlar ölkədə siyasi dinamikanın yeni fazaya keçdiyini göstərir. Dini dairələrin aktiv şəkildə prosesə qoşulması həm daxili narazılığın artdığını, həm də Paşinyan hakimiyyətinə qarşı yeni güc mərkəzinin formalaşdığını ortaya qoyur. Bu etirazların arxasında dayanan siyasi maraqlar və xarici təsirlər isə regiondakı geosiyasi balans üçün əlavə suallar yaradır. İrəvanda baş verənlər təkcə daxili proses deyil, həm də böyük güclərin Ermənistan üzərində apardığı geosiyasi mübarizənin tərkib hissəsi kimi qiymətləndirilir.

Politoloq Elçin Alıoğlunun sözlərinə görə, bu proses artıq ənənəvi müxalifətdən fərqli olaraq, hökumətə qarşı yeni və real alternativ qüvvə formalaşdırır.


Onun fikrincə, son hadisələrdə Avropa İttifaqının təsiri açıq şəkildə görünür:

“Avropa İttifaqı bu ssenarini daha əvvəl Ukraynada, ondan öncə Gürcüstanda və Qırğızstanda tətbiq etmişdi. Eyni yanaşma indi Ermənistanda müşahidə olunur. Yanlış geosiyasi yanaşmalar və xarici dəstək sayəsində Ermənistanda proseslər tamamilə başqa istiqamətə yönləndirilib”.

Politoloq qeyd edir ki, Nikol Paşinyan uzun illərdir davam edən Rusiyadan asılılığı azaltmaq istəyir, lakin buna real alternativ yaratmaqda çətinlik çəkir:

“Ermənistan iqtisadiyyatının, maliyyə-bank sektorunun və digər strateji sahələrin əksəriyyəti Rusiyanın total nəzarətindədir. Bu asılılıqdan çıxmaq üçün hökumətin ortaya qoyduğu ciddi model yoxdur. Mövcud boşluğu isə Avropa İttifaqı doldurmağa çalışır”.

Alıoğlu bildirir ki, Aİ tərəfindən Ermənistana vəd edilən maliyyə paketləri də bu prosesin bir hissəsidir:

“Əvvəlcə 620 milyon avro verilmişdi, sonra 5 milyard, ardınca 6 milyard avrodan danışıldı. Reallıqda isə bu vəsaitlərin qarşılığında Ermənistan yalnız 15 milyon avro dəyərində ölümcül silah alıb. Bütün bunlar Aİ-nin İrəvanı Rusiyaya qarşı alətə çevirmək niyyətindən xəbər verir”.

Politoloqa görə, Avropa İttifaqının planlarının məqsədlərindən biri də Ermənistanı Azərbaycanla münasibətlərdə təzyiq vasitəsinə çevirməkdir.


Sizin reklam burada
Sizin reklam burada