“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
News365.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli vəsatət verib.
Vəkil bildirib ki, müvəkkili İlqar Mustafayev bir ildən artıqdır ki, həbsdədir və səhhəti kritikdir:
“İlqar Mustafafayevin səhhəti ilə bağlı bir neçə sənədi elektron qaydada məhkəməyə təqdim etmişik. İlqar Mustafayev ürəyində problem var. Onun ürək damarlarının 80 faizində tutulma var, stend qoyulub. Lakin onun ürəyinin açıq əməliyyat olunmasına ehtiyac var. Bununla bağlı həkimlərin rəyi də var. İlqar Mustafayevin həyatı təhlükədədir. Mən təqdim olunan sənədlərin cinayət işinə əlavə edilməsini xahiş edirəm”.
Vəkil ikinci vəsatətində bildirib ki, Hesablama Palatası ezamiyyə sənədləri ilə bağlı 2003-cü ildə olan sənədlərə istinad edib, o, sənədlərin işə əlavə olunmasına istəyib.
Tərəflər sənədlərin işə əlavə olunmasına etiraz etməyib.
Məhkəmə vəsatəti təmin edib.
Daha sonra Bulvar İdarəsinin nümayəndəsi İqbal Rəsulov ifadəsində bildirib ki, idarənin tərkibində mövcud MMC-ləri Nazirlər Kabineti idarə edir və idarəetmə bu gün də belədir.
Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, Hesablama Palatası bu MMC-lərin ləğv olunmasına görə irad tutub. Buna cavab olaraq İdarənin nümayəndəsi bildirib ki, Bulvar İdarəsinin müstəqil olaraq bu MMC-ləri ləğv etməsi mümkün deyil.
Nümayəndə İlqar Mustafayevdən şikayətçi olduqlarını deyib.
Proses 17 dekabrda davam etdiriləcək.
Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub. Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.