Xalq artisti Şükufə Musayeva: "Mən həyatımda bircə dəfə "Kaş ki..." demişəm"

Xalq artisti Şükufə Musayeva: "Mən həyatımda bircə dəfə "Kaş ki..." demişəm"
08 Dek 2025 16:46

Birinci Qarabağ müharibəsinə könüllü yollanıb. Torpaqlarımızın azadlığı savaşına qatılan ilk aktrisadır – Xalq artistidir.
Tükənməz Vətən sevgisi ona “ölümlə qalım”ın sərhədini unutdurub. Düşmən həmləsi zamanı pəncərələrin sındırılması nəticəsində üz-gözünə “ələnən” şüşə qırıqları, Ağdərə döyüşündə tuş gəldiyi mərmi qəlpələri gəncliyini də çilik-çilik edib. Amma sarsılmayıb, özündə güc tapıb ayaq üstə durmağı bacarıb. Sabahın aydınlığına sığınıb, gələcək günlərdən möhkəm-möhkəm yapışdığı ümidlərini öləziməyə qoymayıb. Müharibənin ağrı-acılarına, gəzdirib daşımağa məhkum olduğu qəlpələrə “göz dağı” verərək həyatına davam edib. Döyüş meydanından əli üzüləndən sonra adında ən şirin duyğunu, sonsuz sevgisini yaşadan Şuşa Dövlət Dram Teatrının tərkibində tez-tez döyüşçü qardaşlarının görüşünə gedib, onları qələbəyə ruhlandırıb.

Böyük Zəfərin qürurunu ağrılarına məlhəm etməyə çalışan Xalq artisti Şükufə Musayeva bu gün teatrımızın səhnəsində daha vüqarlı görünür.

News365.az bu dəfə sevimli aktrisamızın duyğu və düşüncələrinə işıq tutdu.


– Şükufə xanım, sizinlə hal-əhval tutanda səsinizdəki nisgili, acını duymamaq mümkün deyildi. Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, aktyor və Əməkdar artist Yadigar Muradovun itkisi kollektiviniz üçün nə qədər ağırdır?

– Allah Yadigar müəllimə rəhmət eləsin. Onun itkisi Şuşa Dövlət Musiqili Dram Teatrı üçün çox ağırdır. Yadigar müəllim gözəl insan idi. Vətənini, torpağını çox sevirdi. Mənim müəllimim olub, qardaşım olub. Bizə ata kimi qayğı göstərib. Köməyini, diqqətini heç zaman bizdən əsirgəməzdi. Dəyərli sənətkar idi. Gözəl arzuları vardı – özü ilə apardı. Görünür, bu da bir qismət, alın yazısı imiş.

– Yadigar Muradovdan kollektivinizə “yadigar” nə qaldı?

– Quruluş verdiyi tamaşalar, aktyor kimi oynadığı bir-birindən maraqlı rollar, bu illər ərzində qazandığı hörmət, insanlıq… Onun yoxluğu bizim üçün çox ağırdır.

– Gəncliyiniz də ağır yaşamla, müharibə ilə sınağa çəkilib...

– Müharibə bizə çox məhrumiyyətlər yaşatdı. Soydaşlarımız yurdlarından didərgin düşdülər. Nə qədər doğmalarımızı, əzizlərimizi itirdik. Belə bir vaxtda baş verənlərə biganə qala bilməzdim. Könüllülərə qoşulub cəbhəyə yollandım. Bacılarım ailəli olmasaydılar, inanın ki, onlar da mənə qoşulacaqdılar. Bu, gənclik həvəsi deyildi. Düşünürdük ki, torpaqlarımızın ağır günündə onun müdafiəsinə qalxmaq hər birimizin borcudur. İki il ağır döyüşlərdə iştirak etdim. Ağır yaralanmasaydım, sözsüz ki, sona qədər döyüşçü taleyimi yaşayacaqdım.

Müharibə dəhşətdir, faciədir, ölüm-itimdir. Buna görə müharibəyə nifrət edirəm.

– İnsanda ölüm–olum xofunun sərhədi nə vaxt bitir?

– Öz-özümə indi də deyirəm: mən müharibəyə gedəndə o qorxu hissini heç yaşamamışam. Heç fikirləşməmişəm ki, yaralanaram, ölərəm. Belə şeylər ağlımdan keçməyib. Bütün döyüşçülərin düşüncəsində bir fikir vardı: düşməni məhv edib işğal olunmuş torpaqlarımızı geri qaytarmaq.



– Çəkdiyiniz bütün bu məşəqqətlər sizə nələri öyrətdi?

– Dözümlü olmağı, mətanətli, iradəli olmağı, bütün əzab-əziyyətlərə sinə gərməyi.

– 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər ağrı-acılarınıza məlhəm oldumu?

– Sevincdən az qala ürəyim partlayacaqdı. Hönkür-hönkür ağladım. “Şükr olsun, ay Allah, torpaqlarımız azaddır” – dedim. İndi də danışanda kövrəlirəm. İşğal zamanı çəkdiklərimizi xatırlayıram. Düşmənin yurdlarımıza necə divan tutduğunu, ev-eşiklərimizi necə yandırdığını, məhv etdiyini öz gözlərimlə görmüşdüm. Torpaqlarımızın köməksiz qalması, o vaxt gücümüzün yetməməsi məni çox ağrıdırdı. Şükür bugünkü günümüzə. Həyatımda bu qədər sevinməmişdim. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Rəşadətli Ordumuza, Müzəffər Ali Baş Komandanımıza eşq olsun!


– Ömrünüzdə heç “Kaş ki…” dediyiniz vaxtlar olub?

– Mən həyatımda bircə dəfə “Kaş ki…” demişəm. Kaş ki, müharibə olmayaydı, insanlar yurdlarından didərgin düşməyəydilər, bu qədər əzab-əziyyət çəkməyəydilər.

– Bu illər ərzində teatr tamaşalarında müxtəlif xarakterli rollar oynamısınız. Müharibənin amansız üzünü görmüş Şükufə xanım üçün bu çətin olmayıb?

– Bu, mənim sənətimdir – gəncliyimdən könül verdiyim, ürəkdən bağlandığım sənətim. Müharibə nə qədər amansız olsa da, məni ölümün qorxunc üzü ilə yenə bilmədi. Vətənimə və sənətimə olan sevgim məni həyatda saxladı. Yenidən səhnəyə qayıtdım. Mən hesab edirəm ki, peşəkar səhnə ilə gerçək həyat arasında məsafə gözlə görünmür. Ona görə də rollarımı hər zaman öz doğmam bilmişəm. Onların xarakterini, daxili dünyasını duya-duya, sevə-sevə tamaşaçıya çatdırmışam. Tamaşa zamanı yaralarımın sızladığı anlarda belə bunu tamaşaçıya hiss etdirməmişəm. Canlandırdığım obraz belə o ağrılardan xəbər tutmayıb.



– Siz bədii yaradıcılıqla da məşğulsunuz. “Bu yol nə uzun yoldur” kitabınız gəncliyini Qarabağ müharibəsinin alovu qarsıyan bir insan üçün təəccüblü görünmür.

– Bu, mənəvi ehtiyacdan yaranıb. O kitabımda torpaqlarımızın işğalda qaldığı illərin ağrı-acılarını, yurd həsrətini, Vətən sevgisini misralara düzməyə çalışmışam. Xocalı faciəsi ilə bağlı silsilə yazılarım var. “Cənnət nağılı” adlı hekayə və nağıl toplusu da işıq üzü görüb. Qələbə və qayıdışla bağlı son vaxtlar yazdığım şeirlər də çoxdur.

– “Bu yol nə uzun yoldur”... Bu yolun uzunluğu sizi yordumu?

– Çox yordu. Şükürlər olsun ki, bu yorğunluğun, əzab-əziyyətlərin sonunda üzümüzə gün doğdu. O işıq uzun yolun yorğunluğunu yavaş-yavaş unutdurur.

– Şuşaya çox bağlısınız. Yəqin ki, azad Şuşamıza getmisiniz.

– Göz yaşları içində getdim. Gördüm ki, mən gördüyüm Şuşadan əsər-əlamət qalmayıb. Çox dəyişib. Rəng-ruhu solub. Dedim: “Ay Şuşam, gözəl Şuşam, nə yaman sınıxmısan?” Ona da, özümə də təsəlli verməyə çalışdım. “Qəm eləmə, sən yenə əzəli gözəlliyinə qovuşacaqsan” – dedim. Sevinc göz yaşlarımı silib “Çox şükür, qayıtdıq” söylədim. Cıdır düzünün genişliyində xəyalən Şuşamı var gücümlə köksümə sıxdım. Xoşbəxt idim – vüsalıma qovuşmuşdum.

 Nazim Əlifov


Sizin reklam burada
Sizin reklam burada