Ermənistanın Gümrü şəhəri regionun geosiyasi xəritəsində Rusiyanın strateji mövqeyi kimi önə çıxır. Şəhərdə yerləşən 102-ci baza və digər Rusiyaya bağlı qüvvələr bölgəni təkcə hərbi baxımdan deyil, həm də siyasi və sosial sahədə strateji mövqe kimi istifadə edir.
Politoloq Taleh Əliyev News365.az-a açıqlamasında bildirib ki, Gümrü şəhəri Ermənistanda həm sözün həqiqi, həm də məcazi mənasında Rusiyanın son qalası rolunu oynayır.

Onun sözlərinə görə, şəhərdə yerləşən 102-ci baza və digər Rusiyaya bağlı qüvvələr bölgəni strateji baxımdan öz “müdafiə xətti” kimi istifadə edir.
Əlavə olaraq, Taleh Əliyev xatırladıb ki, uzun müddət Gümrüyün meri olmuş və 2012-ci ildə, eləcə də bu ilin aprel ayında yenidən Gümrü meri seçilən Vardan Bugasyan son vaxtlar şəhərdə baş verən hadisələrin mərkəzindədir. 20 oktyabrda isə Bugasyan və şəhərin baş memarı binanın qeyri-qanuni tikintisinə icazə verilməsi səbəbindən iki aylıq həbs qətimkan tədbiri ilə üzləşiblər.
Politoloq qeyd edib ki, Gümrüdə baş verən proseslər Ermənistan baş naziri Nikol Paşinyanın diqqətini çəkir və seçkilərə qədər bölgədəki vəziyyət Paşinyanın siyasətində strateji rol oynayır. Paşinyanın məqsədinin həm kilisə ilə münasibətləri gərginləşdirmək, həm də Rusiya ilə bağlı şəxsləri vəzifədən uzaqlaşdırmaq olduğu vurğulanıb. Taleh Əliyev bildirib ki, kilisəyə rəhbər təyin olunacaq şəxslər Paşinyan üçün prioritet rol oynayır və bu, Rusiyanın təsir dairəsini məhdudlaşdırmaq məqsədi daşıyır.