Cənubi Qafqazda sürətlə dəyişən geosiyasi vəziyyət fonunda İran xarici işlər naziri Abbas Əraqçinin Bakıya səfəri diqqət mərkəzinə çevrilib. Tehran uzun müddətdir Azərbaycanla münasibətlərdə yaşanan gərginliyi yumşaltmağa çalışsa da, bu səfər bir çox siyasi müşahidəçilər tərəfindən regionun yeni güc balansına adaptasiya cəhdi kimi qiymətləndirilir.
Politoloq Züriyyə Qarayeva News365.az-a açıqlamasında səfərin arxa planı və mümkün siyasi mesajları barədə geniş şərh verib.

Ekspertin sözlərinə görə, İran son illər həm siyasi, həm iqtisadi, həm də geosiyasi təzyiqlərlə üz-üzədir. Ermənistan–İsrail yaxınlaşması, TRIPP layihəsinin sürətlənməsi və ABŞ–Azərbaycan əməkdaşlığının genişlənməsi Tehranın manevr imkanlarını məhdudlaşdırıb. Bu şəraitdə İran rəhbərliyi Bakıya səfər etməklə həm daxili ictimaiyyətə “Cənubi Qafqazda təsir imkanlarımız davam edir” mesajı verməyə çalışır, həm də Azərbaycanla münasibətləri minimum sabitlik çərçivəsində saxlamaq niyyətini nümayiş etdirir.
Züriyyə Qarayeva qeyd edib ki, səfər eyni zamanda Tehranın Bakıya qarşı əvvəlki sərt ritorikasından geri çəkilməsi, daha yumşaq dialoqa üstünlük verməsi kimi görünür.
Politoloqa görə, Azərbaycan üçün isə səfərin əsas mesajı fərqlidir: Bakı nümayiş etdirir ki, regionun siyasi mərkəzi artıq Azərbaycandır və İran dialoq qurmaq üçün məhz Bakıya müraciət etməyə məcbur olur. Azərbaycan bununla Tehrana yeni regional reallıqların — Zəngəzur dəhlizi, TRIPP marşrutu və Bakı–İrəvan sülh gündəliyinin — geri dönməzliyini xatırladır.
“Bu həm İranın narahatlıqlarını idarə etməyə, həm də onu formalaşan geosiyasi düzənə uyğun davranmağa sövq edən mesajdır. Eyni zamanda regionda güc balansının Azərbaycanın xeyrinə dəyişdiyini göstərən siyasi siqnaldır”, – deyə politoloq vurğulayıb.