"Vaşinqton görüşü Cənubi Qafqazda sülh prosesinə ciddi təkan verə bilər".
Politoloq Oqtay Qasımov Vaşinqtonda keçiriləcək görüşün əhəmiyyətini yüksək qiymətləndirib.
News365.az-a açıqlamasında o bildirib ki, ABŞ-da planlaşdırılan bu görüş kifayət qədər ciddi və proseslərə təsir gücü olan bir hadisədir:
“Amerika Birləşmiş Ştatlarının verdiyi bəyanatlardan görünür ki, Vaşinqton Cənubi Qafqazda davamlı sülhün yaradılmasında maraqlıdır və bu istiqamətdə həm Azərbaycanı, həm də Ermənistanı təşviq edir. Tərəflərin də ABŞ-la normal münasibətlərdə maraqlı olması bu təşəbbüsün reallaşması üçün müsbət zəmin yaradır”.
O.Qasımov əlavə edib ki, bu görüş sülh prosesində yeni mərhələyə keçid üçün fürsət ola bilər:
“Düşünürəm ki, yekun sülh sazişinin imzalanması hələ real olmasa da, razılaşdırılmış mətn paraflana və imzalanaraq ratifikasiya mərhələsinə keçə bilər. Ermənistan qalan iki şərti də yerinə yetirdikdən sonra növbəti mərhələdə yekun sülh sazişi də imzalana bilər”.
Politoloqun fikrincə, görüşdə Zəngəzur dəhlizi məsələsi də gündəmdə olacaq:
“Bu mövzu ilə bağlı ABŞ-ın təklifləri müzakirəyə çıxarıla və dəyərləndirilə bilər. Bütün hallarda hesab edirəm ki, bu görüş Cənubi Qafqazdakı proseslərin inkişafına müsbət təsir göstərə bilər”