“Əgər kvorum məsələsinin hüquqi tərəfi həll olunmasa, səsvermə nizamnaməyə uyğun keçirilmiş hesab edilə bilməz”.
News365.az xəbər verir ki, bunu Əli İsa Cabbarov Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransında çıxışı zamanı deyib.
Cabbarov bildirib ki, konfransdan əvvəlki proseslərdə imza verən bəzi üzvlərin sonradan imzalarını geri götürməsi halları qeydə alınıb. Onun sözlərinə görə, ümumilikdə 10 nəfər imzasını geri çəkib.
O qeyd edib ki, bəzi üzvlərə müxtəlif səbəblərlə tədbirə qatılmamaqla bağlı müraciətlər edildiyi barədə məlumatlar mövcuddur. Cabbarov vurğulayıb ki, bu kimi hallar konfransın legitimliyi baxımından ciddi şəkildə müzakirə olunmalıdır.
“Üzvlərin sayı 460 nəfərdir və kvorum 230 nəfər təşkil edir. Lakin obyektiv və subyektiv səbəblərə görə bu sayın təmin olunmadığı görünür”, – deyə o əlavə edib.
Əli İsa Cabbarov həmçinin qeyd edib ki, ittifaqla bağlı yayılan bəzi məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, ittifaqın möhürü ilə bağlı iddialar doğru deyil və bütün sənədlər mühasibatlıqda saxlanılır:
“Açıq şəkildə bildirirəm ki, bunlar Şəfiqə Məmmədova və Vaqif Mustafayevin addımlarıdır. Mən başa düşə bilmirəm ki, bu gün bura niyə gəlməyiblər”.
O əlavə edib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən aparılan proses audit xarakteri daşımır, bu, üzvlərin müraciəti əsasında ilkin sənədlərlə tanışlıq mərhələsidir.
Sonda Cabbarov vurğulayıb ki, kvorum məsələsi tam hüquqi şəkildə həll olunmadan səsvermənin keçirilməsi mümkün deyil və bu istiqamətdə müzakirələr davam etdirilir./// bakıvaxtı