Yazıçı Kamal
Abdullanın və deputat Günay Ağamalının son çıxışı cəmiyyəti əməlli-başlı silkələdi.
Və çoxluq bu adamları nəinki qınadı, bəzi hallarda linc etdi.
Bəs
doğrudanmı bizə uşaqpulu lazımdır?
Mövzu ilə
bağlı danışan iqtisadçı Eldəniz Əmirov deyir ki, uşaq pulu məsələsinə
dövlətlərin yanaşması adətən insanların çalışqanlığı, sosial davranışı, həyat tərzi
və ya tənbəlliyi ilə ölçülən məsələ deyil:
“Bu qərarlar
daha çox ölkənin demoqrafik vəziyyəti, əhali artım tempi, yaşlanma dinamikası, əmək
bazarı və uzunmüddətli sosial-iqtisadi planlaması əsasında formalaşır.
Fərqli
davranan ölkə nümunləri də göstərmək olsa da, amma dünyada ölkələrin 95 faizdən
çoxunda dövlətlər ilk növbədə öz demoqrafik vəziyyətinə baxırlar.
Əgər əhali
artımı qənaətbəxşdirsə, ölkənin mövcud resursları və sosial infrastrukturu üçün
risk yaratmırsa, o zaman dövlət adətən neytral mövqe tutur. Yəni nə doğumu
xüsusi şəkildə stimullaşdırır, nə də məhdudlaşdırır.
Əgər əhali
artımı həddindən artıq sürətlənirsə və artıq ölkənin ərazisi, su ehtiyatları, məşğulluq
bazarı, sosial yükü üçün problem yaratmağa başlayırsa, bəzi ölkələr doğumu məhdudlaşdıran
siyasətlərə keçir. Dünya tarixində bunun nümunələri çox olub.
Amma əgər
doğum azalırsa, əhali qocalırsa, gələcəkdə əmək bazarında insan çatışmazlığı,
pensiya sistemində yük və demoqrafik risklər yaranırsa, o zaman dövlətlər
doğumu təşviq etməyə başlayırlar.
Bu təşviq isə
müxtəlif formalarda olur. Ən çox rast gəlinən birbaşa uşaq pulunun verilməsidir.
Bundan əlavə doğulan uşağın adına depozit və ya fond hesabının açılması,
valideynlər üçün vergi güzəştləri, ipoteka və mənzil üstünlükləri, analıq və
atalıq məzuniyyətləri, çoxuşaqlı ailələr üçün sosial imtiyazlar, pensiya və
sosial təminat üstünlükləri və s. kimi təşviqlər mümkündür.
Yəni dövlətlər
bu məsələyə daha çox insanların gündəlik davranışlarının dəyişməsi, istehlak vərdişləri,
sosial passivlik və ya tənbəllik göstəriciləri prizmasından yanaşmırlar. Əsas
diqqət doğum səviyyəsi, təbii artım tempi, əhalinin yaş strukturu, əmək
qabiliyyətli əhalinin payı və uzunmüddətli demoqrafik davamlılıq kimi göstəricilərə
yönəlir”.
Bəs Azərbaycanda
mövcud demoqrafik dinamika nə göstərir?
İqdaisadçı statistikaya
əsaslanaraq qeyd edir ki, Azərbaycanda demoqrafik proseslər əvvəlki dövrlərlə
müqayisədə artıq fərqli mərhələyə daxil olur:
“Ən vacib
göstəricilərdən biri təbii artımdır. 2010-cu ildə Azərbaycanda təbii artım 112
min nəfərdən çox olduğu halda, 2024-cü ildə bu göstərici 43 min nəfərə qədər
geriləyib. Başqa sözlə, təbii artım təxminən 2,5 dəfəyə yaxın azalıb.
Doğulanların
sayı da ciddi şəkildə aşağı düşüb. 2010-cu ildə ölkədə 165, 6 min uşaq
doğulduğu halda, 2024-cü ildə bu rəqəm 102,3 minə enib. Bu isə qısa dövrdə əhəmiyyətli
demoqrafik dəyişiklik deməkdir.
Əhalinin yaş
strukturu da dəyişir. Uşaq və yeniyetmə yaş qruplarının əhali içində payı
azalır, yaşlı əhalinin payı isə artır. Məsələn, 0-4 yaş qrupunun əhali içiidə
payı 2000-ci ildə 9,1 faiz olduğu halda, 2025-ci ildə 5,6 faizə düşüb. Eyni
dövrdə 70 yaşdan yuxarı əhalinin payı 2,8 faizdən 5,3 faizə yüksəlib.
Demoqrafiyada
ən vacib sərhədlərdən biri əhalinin özünü yeniləmə həddidir. Adətən ümumi nəsilvermə
əmsalının təxminən 2,1 olması əhalinin uzunmüddətli dövrdə özünü stabil şəkildə
əvəz etməsi üçün kifayət hesab olunur. Göstərici 2,1-dən aşağı düşəndə artıq gələcəkdə
yaşlanma və əmək qabiliyyətli əhalinin azalması riski yaranmağa başlayır.
1,7-1,8 aralığı risk siqnalı sayılır. 1,5 və daha aşağı səviyyə isə artıq bir
çox ölkədə ciddi demoqrafik narahatlıq mərhələsi hesab edilir.
Azərbaycanda
isə ümumi nəsilvermə əmsalı 2000-ci ildə 2.0, 2010-cu ildə 2,3 olduğu halda,
2020-ci ildə 1,7-yə, 2024-cü ildə isə 1,4-ə düşüb. Bu isə doğum səviyyəsində
azalma meylinin artıq uzunmüddətli tendensiyaya çevrildiyini göstərir.
Bu
dinamikanın gələcək illərdə hansı sürətlə davam edəcəyini zaman göstərəcək.
Amma hazırkı statistik trend onu deməyə əsas verir ki, gələcəkdə dövlətin
demoqrafik təşviq mexanizmlərinə daha ciddi şəkildə müraciət etməsi ehtimalı
artır”.
News365.az