İndoneziyanın Yogyakarda mədəniyyət şəhərində fəaliyyət göstərən "Little Aresha" uşaq bağçasında baş verən dəhşətli uşaq zorakılığı və etinasızlıq hadisəsi ilə bağlı aparılan araşdırmalar genişlənir. Polisin keçirdiyi son əməliyyat nəticəsində hadisə ilə əlaqəli şübhəlilərin sayı kəskin artıb.
News365.az xəbər verir ki, qanunsuz və lisenziyasız fəaliyyət göstərən bağçada azyaşlılara qarşı amansız rəftar iddiaları ilə bağlı daha 12 nəfər cinayət işinə cəlb olunub.
Yogyakarda Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin Uşaqların Müdafiəsi Şöbəsinin rəhbəri Apri Savitri "Reuters" agentliyinə açıqlamasında bildirib ki, yeni şübhəlilər sırasına 10 tərbiyəçi-baxıcı, 1 mühafizəçi və 1 inzibati əməkdaş daxildir.
Şöbə rəhbəri əməkdaşların ittiham olunma səbəblərini bu cür izah edib:
"Tərbiyəçilər uşaqlara qarşı zorakılıq və etinasızlıq hərəkətlərində birbaşa iştirak etdikləri, mühafizəçi və digər inzibati heyət isə bu dəhşətli hadisələrə göz yumduqları, şərait yaratdıqları üçün şübhəli şəxs qismində tanınıblar".
Hazırda yeni saxlanılan şəxslərin dindirilməsi prosesi davam edir və polis onların rəsmən həbs edilib-edilməyəcəyi barədə yekun qərar verəcək. "Reuters" hələlik şübhəlilərin vəkilləri ilə əlaqə saxlaya bilməyib.
A. Savitri onu da əlavə edib ki, ilk mərhələdə həbs olunan bağça sahibi, müdir və baxıcılar da daxil olmaqla 13 nəfər barəsində istintaq artıq tamamlanıb. Əyalət prokurorluğu tərəfindən hazırlanan rəsmi ittiham aktı yaxın günlərdə yerli məhkəməyə təqdim olunacaq.
Məhkəmə prosesinin dəqiq hansı tarixdə başlayacağı hələlik məlum deyil. Polis istintaqı dərinləşdirdikcə cinayət məsuliyyətinə cəlb olunanların sayının daha da artacağı istisna edilmir.