Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə xüsusi təyinatlılarımız misilsiz qəhrəmanlıq və şücaət nümayiş etdirdilər. Ən çətin döyüş tapşırıqlarını yerinə yetirən, düşmənin müdafiə xətlərini yararaq Zəfərə gedən yolu açan hərbçilərimiz arasında Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov da var.
Xüsusi təyinatlı qüvvələrin qrup komandiri kimi 44 günlük Vətən müharibəsində iştirak edən Cavid Behbudov Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. O, hərbi hazırlığı, döyüş təcrübəsi və Vətənə sədaqəti ilə seçilən qəhrəmanlarımızdandır. Xocavənd istiqamətində döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanan hərbçi sağ ayağını dizdən aşağı itirsə də, bu, onun həyat eşqini və mübarizə ruhunu sarsıda bilməyib.
Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudovun döyüş yolunu, müharibənin ən ağır anlarını və yaddaşından silinməyən hadisələri təqdim edirik. Hərbçi döyüş xatirələrini saytımızla bölüşüb.
“Döyüşlərə Murovdağ yüksəkliyinin ətəyindən başlamışıq. Orada ilkin düşmən mövqelərini məhv etdikdən sonra Füzuli rayonuna doğru istiqamətləndik. Füzulinin kəndlərindən keçərək Cəbrayılı azad etdik. Daha sonra Füzuli və Şuşa istiqamətində hərəkət etdik.
Ermənilər 30 il ərzində Ohanyan səddini möhkəmləndirmiş, oranı keçilməz hesab etmişdilər. Təbii ki, biz də bu müddət ərzində boş dayanmamışdıq, ordumuz müharibəyə ciddi hazırlaşmışdı. Ohanyan səddini sürətlə yararaq ermənilərin keçilməzlik mifini darmadağın etdik. Doğrudur, relyef baxımından düşmən daha əlverişli mövqelərdə yerləşmişdi. Bu da irəliləyişimiz zamanı müəyyən çətinliklər yaradırdı. Ancaq ordumuzun gücü və hazırlığı hesabına həmin müdafiə xəttini yarıb keçdik.
Füzuli rayonu ətrafında, Qarğabazarı qəsəbəsində düşmənə qarşı pusqu əməliyyatları həyata keçirdik. Bu əməliyyatlar çox effektiv nəticə verdi. 32 nəfərlik şəxsi heyətlə düşmənin 137 nəfərdən çox canlı qüvvəsini məhv etdik. Həmin vaxta qədər də bir neçə pusqu əməliyyatı keçirmişdik. Hamısı uğurlu olmuş, heç bir itki verməmişdik.
Düşmən həmin ərazidə qüvvələrimizin olduğunu gözləmirdi. Bununla da Füzulidə gedən döyüşlərə ermənilərin kənardan müdaxiləsinin qarşısını aldıq. Həmin vaxt düşmən düşünürdü ki, bütün qüvvələrimiz Füzulidə cəmləşib. Biz isə şəhərə çatmamış 2-3 kilometr əvvəl ərazinin relyefindən istifadə edərək yüksəklikdə mövqeləndik və ikitərəfli pusqu qurduq. Düşmən aşağıda, yol kənarında Füzuliyə doğru hərəkət edirdi. Onları əvvəlcədən müəyyənləşdirdiyimiz "ölü zonaya" saldıq və uğurlu pusqu əməliyyatı həyata keçirdik”.
Hərbçi Murovdağ istiqamətindəki döyüşlərin də olduqca çətin olduğunu deyir. Onun sözlərinə görə, mürəkkəb relyef, yüksəklik və hava şəraiti hərbi əməliyyatların gedişinə ciddi təsir göstərirdi:
“Orada, bildiyiniz kimi, relyef çox çətindir. Havanın temperaturu, atmosfer təzyiqi – bunların hər biri döyüşlərimizə təsir edirdi. 2200 metr yüksəklikdən 1100 metr aşağı enmək, daha sonra yenidən qalxaraq mövqe tutmaq asan deyildi. Bu, böyük hazırlıq və bacarıq tələb edirdi. Biz həmin istiqamət üzrə əvvəlcədən müxtəlif bölgələrdə təlimlər keçmişdik. Ona görə də bu çətinliklərə tam hazır idik”.
Cavid Behbudov sonrakı döyüş əməliyyatlarından, xüsusilə Xocavənd istiqamətində baş verən hadisələrdən də danışıb:
“Zoğalqulaq kəndi azad olunduqdan sonra növbəti tapşırığımız Şəhər kəndi istiqamətində yerləşən yüksəkliyi ələ keçirmək idi. Bunun üçün müvafiq əmr aldıq. Kəndin tam daxilinə qədər irəlilədik. Düşmən yalnız bundan sonra kəndin tamamilə qüvvələrimizin nəzarətinə keçdiyini anladı. Daha sonra Qırmızıbazara daxil olmalı və orada hücum əməliyyatları həyata keçirməli idik.
Həmin vaxt düşmən minaatanlardan bizi atəşə tutdu və biz hücum istiqamətimizi dəyişdik. Mövqelərimizin görünməməsi üçün meşə taktikasından istifadə edirdik. Şəxsi heyətin zərər görməməsi üçün hər bir hərbçini təhlükəsiz əraziyə çıxardım, özüm isə arxadan hərəkət edirdim. Həmin vaxt minaatan mərmisi yaxınlığıma düşdü və hər iki ayağımdan yaralandım. Sağ ayağımı dizdən aşağı itirdim. Hazırda protez ayaqdan istifadə edirəm.
İlk olaraq özümə ilkin tibbi yardım göstərdim. Daha sonra döyüş yoldaşlarım köməyimə çatdılar və qanaxmanı dayandırdılar. Yüksəklik ələ keçirildikdən sonra təxliyə olundum”.
Cavid Behbudov Zəfər xəbərini xəstəxanada olarkən eşitdiyini deyir. Onun sözlərinə görə, Şuşanın azad edilməsi müharibənin taleyini həll edən əsas hadisələrdən biri idi:
“Biz bilirdik ki, Şuşa Qarabağın açarıdır. Şuşa azad olunanda düşmənin beli qırıldı. Döyüş yoldaşlarımla əlaqə saxlayırdım və bilirdim ki, Şuşa mütləq azad olunmalıdır. Zəfər xəbərini hospitalda aldım. İnsanlar xəstəxananın həyətinə toplaşmışdılar. Çox qürurverici mənzərə idi. Biz də bu böyük Qələbənin bir parçası idik.
Hospitalda müalicə aldığım vaxt mənə zəng gəldi və adımın Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülənlərin siyahısında olduğu bildirildi. Prezidentin sərəncamı ilə bu yüksək ada layiq görüldüm.
Qrupumuzdan bir nəfər şəhid oldu – İsgəndərov Elvin. O, bizim rabitəçimiz idi. Təəssüf ki, müharibə itkisiz olmur. Biz Qələbə qazandıq, amma şəhidlərimizin haqqını heç vaxt unutmamalıyıq. İldə bir dəfə döyüşdüyüm ərazilərə gedirəm. Oraya qayıdanda həmin günlərin hisslərini yenidən yaşayıram”.
Hazırda Bakıda yaşayan Cavid Behbudov dövlət tərəfindən mənzil və avtomobillə təmin olunub. O, SOCAR Petroleum Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik Departamentində direktor köməkçisi vəzifəsində çalışır.
Qeyd edək ki, Behbudov Cavid Ədalət oğlu 12 aprel 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qızılca kəndində anadan olub. 2008-2011-ci illərdə Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kəşfiyyatçı ixtisası üzrə təhsilini davam etdirib.
2015-ci ilin iyun-dekabr aylarında Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində xüsusi təyinatlıların qrup komandiri vəzifəsi üzrə hazırlıq keçib. 2016-cı ilin yanvarından 2019-cu ilədək Ağstafada yerləşən N saylı hərbi hissədə xüsusi təyinatlıların qrup komandiri vəzifəsini icra edib. Daha sonra xüsusi təyinatlı korpusun qrup komandiri kimi Azərbaycan Ordusunda xidmətini davam etdirib.
44 günlük Vətən müharibəsi zamanı xüsusi təyinatlı qüvvələrin qrup komandiri kimi döyüşlərdə iştirak edən Cavid Behbudov sentyabrın 27-dən oktyabrın 1-dək Murovdağ istiqamətində döyüş tapşırıqlarını yerinə yetirib. Daha sonra Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərə qatılıb. Oktyabrın 25-də Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi yaxınlığında yaralanıb. Musavat.com