Yunanıstan Türkiyənin Aralıq dənizində həyata keçirilən elektrik kabeli layihəsinə mümkün müdaxiləsi ilə bağlı sərt mövqe nümayiş etdirib.
Yunanıstan xarici işlər nazirinin müavini Hacivasiliu Yunanıstanla Cənubi Kipr arasında elektrik bağlantısı layihəsinin nəzərdə tutulan qrafik üzrə davam etdiriləcəyini bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində aparılan tədqiqat işləri üçün icazə yalnız Yunanıstanın səlahiyyətli qurumlarından istənilib və həmin qurumlar tərəfindən verilib.
Hacivasiliu vurğulayıb ki, elektrik bağlantısı layihəsi artıq yalnız Yunanıstan və Kiprin maraqları ilə məhdudlaşmır, daha geniş geosiyasi əhəmiyyət daşıyır.
“Bu layihə Yunanıstan, Kipr və İsrail maraqlarından əlavə, artıq Fransa və Avropanın da maraqlarını təmsil edir”, – nazir müavini bildirib.
O, layihənin Avropa İttifaqından əhəmiyyətli maliyyə dəstəyi aldığını, həmçinin ABŞ daxil olmaqla müttəfiq və tərəfdaş ölkələr tərəfindən dəstəkləndiyini qeyd edib.
Yunanıstan xarici işlər nazirinin müavini Türkiyənin layihəyə mümkün müdaxiləsinə münasibət bildirərək, Afinanın hadisələri kənardan izləməklə kifayətlənməyəcəyini vurğulayıb.
Ankara layihə üzrə dənizdə aparılacaq tədqiqatların bir hissəsinin Türkiyənin kontinental şelfinə düşdüyünü bildirərək buna qarşı NAVTEX xəbərdarlığı yayıb. Afina isə həmin ərazidə tədqiqatlara icazə vermək səlahiyyətinin özünə məxsus olduğunu bəyan edir.