8 Noyabr Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu tarix xalqımızın illərlə həsrətində olduğu Şuşanın azadlığa qovuşduğu, 44 günlük Vətən müharibəsinin taleyini dəyişən hadisələrin yaşandığı gündür. Lakin Zəfərlə yaddaşlara həkk olunan həmin günün arxasında ağır itkilər, yarımçıq qalan arzular və övladlarının yolunu gözləyən ailələrin kədəri də dayanır.
Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə yazılan bu qələbə uğrunda hərbçilərimiz son damla qanlarınadək döyüşüblər. Onlardan bəziləri məhz 2020-ci il noyabrın 8-də Şuşa, Qubadlı və Zəngilan istiqamətlərində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.
8 Noyabr – Zəfər Günü münasibətilə həmin tarixdə şəhid olan hərbçilərimizin həyat hekayələrini təqdim edirik:

Şəhid Asif Nəsir oğlu Mədədov 1988-ci il iyunun 1-də Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub.
2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olan Asif Mədədov 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib.
O, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərə qatılıb. Asif Mədədov 2020-ci il noyabrın 8-də Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Ailəli idi.

Bəhruz Tağızadə 1999-cu il sentyabrın 14-də Qax rayonunda anadan olub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə könüllü qatılan Bəhruz Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib.
Gənc döyüşçü noyabrın 8-də Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Noyabrın 16-da torpağa tapşırılıb.
Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Cəlil Qəhrəman oğlu Məmmədov 1999-cu il sentyabrın 20-də Quba rayonunun Qonaqkənd qəsəbəsində dünyaya gəlib.
Orta təhsilini başa vurduqdan sonra Quba Dövlət Sosial-İqtisad Kollecinə daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Noyabrın 8-də Şuşa uğrunda döyüşlər zamanı yanına düşən minaatan mərmisi onun komandirini ağır yaralayıb. Cəlil yaralı komandirini təhlükəli ərazidən çıxarmağa çalışarkən yaxınlığında daha bir mərmi partlayıb və o, şəhid olub.
2020-ci il noyabrın 12-də Qonaqkənd qəsəbəsində dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Gizir İlkin Ağayev 1986-cı il iyunun 2-də Zərdab rayonunun Körpü kəndində anadan olub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
İlkin Ağayev noyabrın 8-də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Baş gizir Mehrab Niftəliyev 1985-ci il mayın 13-də Quba rayonunun Qamqam kəndində anadan olub.
O, 2016-cı il aprelin 2-5-də baş verən Aprel döyüşlərində də iştirak edib. Azərbaycan Ordusunun baş giziri olan Mehrab Niftəliyev 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb.
Noyabrın 8-də Şuşa döyüşlərində şəhid olan qəhrəmanımız Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncama əsasən, Mehrab Niftəliyevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
O, həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailəli idi, üç övladı yadigar qalıb.

Mustafa Babayev 2000-ci il noyabrın 4-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub.
2007-2018-ci illərdə E.Mustafayev adına Yenigün kənd və 2 saylı Xırdalan şəhər tam orta məktəblərində təhsil alıb.
Ailənin tək oğlu, üç bacının bir qardaşı olan Mustafa subay idi.
2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib. Vətən müharibəsi başlayanda Füzuli, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda döyüşlərə qatılıb.
2020-ci il noyabrın 8-də Şuşa döyüşlərində şəhid olub. Ağstafa Şəhidlər xiyabanında dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Kiçik çavuş Nicat Xələfov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Vətən müharibəsində Füzuli və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Nicat Xələfov 2020-ci il noyabrın 8-də Şuşa döyüşlərində şəhid olub.
Siyəzən şəhərində dəfn edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" medalı, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Orxan Quluzadə 1994-cü il iyunun 29-da Lənkəran şəhərində anadan olub.
2000-2011-ci illərdə Lənkəran şəhər Vaqif Əliyev adına 4 saylı humanitar təmayüllü məktəb-liseydə təhsil alıb.
2012-ci ilin iyulundan 2014-cü ilin yanvarınadək Azərbaycan Quru Qoşunlarının Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən 4-cü Ordu Korpusunda müddətli həqiqi hərbi xidmət keçib.
2018-ci ildən Azərbaycan Çevik Hərəkət Qüvvələrinin Yevlax briqadasında kiçik gizir kimi hərbi xidmətə başlayıb.
Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda döyüşlərdə iştirak edən Orxan Quluzadə noyabrın 8-də Şükürataz dağı istiqamətində şəhid olub.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncama əsasən, "Qarabağ" ordeni ilə təltif edilib. Həmçinin "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medallarına layiq görülüb.
Evli idi, bir qızı yadigar qalıb.

Pənah Məmmədov 2000-ci il avqustun 26-da Şəki rayonunun Orta Zəyzid kəndində anadan olub.
2006-2017-ci illərdə Ə.Məmmədov adına 2 nömrəli tam orta məktəbdə oxuyub. 2017-2018-ci illərdə Şəki Texniki Kollecində "Turizm və idarəetmə təsərrüfatının təşkili" ixtisası üzrə təhsil alıb.
2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Vətən müharibəsi zamanı Füzuli və Şuşanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Noyabrın 8-də Şuşa döyüşlərində şəhid olub. Şəki rayonunda dəfn edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Subay idi.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Şamil Babayev 1988-ci il yanvarın 26-da Culfa rayonunun Camaldın kəndində anadan olub.
Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Şamil Babayev 2020-ci il noyabrın 8-də Şuşa döyüşlərində şəhid olub. Culfa rayonunda dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Zəfər" ordeni ilə təltif olunub. Həmçinin "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medallarına layiq görülüb.

Leytenant Rəhman Əjdərov 1997-ci il mayın 14-də Babək rayonunun Kalbaoruc Dizə kəndində anadan olub. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb. Vətən müharibəsi zamanı Xocavənd, Laçın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Rəhman Əjdərov noyabrın 9-də Şuşa döyüşləri zamanı şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Xocavəndin azad olunmasına görə" medalı, "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.