Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə Qarabağa səfər edəcək və Prezident İlham Əliyevlə görüşəcək.
Bu barədə “Haberler” nəşri məlumat yayıb.
Səfər ərəfəsində Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib. O, məktubunda Azərbaycanın torpaqlarını azad etməsini yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün tarixi nailiyyət və qürur mənbəyi adlandırıb.
Türkiyə Prezidentinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası prosesinin sürətlə davam etməsi sevindiricidir.
Ərdoğan Şuşa Bəyannaməsindən sonra iki ölkə arasındakı münasibətlərin daha da möhkəmləndiyini vurğulayıb.
O, Cənubi Qafqazda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin olunması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd edib.