Gürcüstanda kazinolar üçün nəzərdə tutulan yeni vergi güzəştləri kilsə ilə hakimiyyət arasında ciddi narazılığa səbəb olub.
Gürcüstan Patriarxlığı parlamentin beynəlxalq kazino turnirlərinin təşkilatçılarını müvafiq rüsumlardan azad edən qanun dəyişikliklərini tələsik qəbul etməsini sərt tənqid edib.
Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Andria Caqmaidze bildirib ki, qanun layihəsi cəmi iki gün ərzində sürətləndirilmiş prosedurla qəbul edilib. Onun sözlərinə görə, bu müddət ərzində sənədin ətraflı müzakirəsinə və ortaya çıxan sualların cavablandırılmasına belə imkan yaradılmayıb.
Gürcüstan Patriarxlığı ölkədə qumar biznesi ilə bağlı vəziyyətin narahatedici olduğunu vurğulayıb. Kilsə qumar asılılığına qarşı sərt məhdudiyyətlərin tətbiqini və asılılıqdan əziyyət çəkən şəxslər üçün reabilitasiya tədbirlərinin gücləndirilməsini vacib sayır.
Məlumata görə, parlament oktyabrın 28-də qanunu 73 lehinə, 5 əleyhinə səslə qəbul edib. Yeni qaydalara əsasən, iştirakçılarının ən azı 80 faizi xarici vətəndaşlardan ibarət olan və mükafat fondu 3 milyon larini keçən beynəlxalq kazino turnirlərinə xüsusi vergi güzəştləri tətbiq edilir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze isə dəyişikliklərin ciddi xarakter daşımadığını və geniş ictimai müzakirəyə ehtiyac olmadığını bildirib.
Kilsənin və vətəndaş cəmiyyəti nümayəndələrinin narazılığı fonunda müxalifət də hərəkətə keçib. Noyabrın 6-da Vahid Milli Hərəkat Partiyası Gürcüstan vətəndaşlarının bütün qumar oyunlarında, o cümlədən onlayn kazinolarda iştirakının tam qadağan edilməsini təklif edib.