Ukraynaya "Geran" və ballistik raketlərlə güclü hücum olub

Ukraynaya "Geran" və ballistik raketlərlə güclü hücum olub
06 İyn 2025 10:45

Rusiya Silahlı Qüvvələri Ukraynada kritik infrastruktur obyektlərinə güclü zərbələr endirib. Bu barədə xarici KİV məlumat yayıb. İlkin məlumatlara görə, ən çox zərər Kiyevdəki 5 saylı İstilik Elektrik Stansiyasına dəyib. Kiyev Hərbi Administrasiyasının (KMBA) rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, Ukrayna paytaxtının bir hissəsində müəyyən mikrorayonlarda elektrik enerjisi kəsilə bilər.


Bundan əvvəl Ukrayna mediası Çerniqov, Sumı və Odessada partlayışlar barədə məlumat yaymışdı. Hadisə şahidləri isə Qoloseyevski və Solomenski rayonlarında yanğınlar barədə məlumatlar veriblər. Partlayışların Kiyev vilayəti, Lutsk və Ternopol şəhərlərində də olması bildirilir. "WarGonzo" Telegram kanalının məlumatına görə, hücum "Geran" kamikadze dronları, ballistik və qanadlı raketlərlə həyata keçirilib.

Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.


Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada