Son aylarda Ukrayna-Rusiya münaqişəsi ilə bağlı keçirilən görüşlər sülhə ümid yaratsa da, reallıqda bu danışıqlardan konkret nəticə gözləmək hələ tezdir.
Bu barədə News365.az-a açıqlamasında hərbi-siyasi ekspert Elmar Hüseyn bildirib.
Onun sözlərinə görə, həm Ukrayna Prezidenti Volodimir Zelenskinin, həm də Rusiya Prezidenti Vladimir Putinin “sülh və atəşkəs istəyirik” kimi bəyanatları dünya ictimaiyyətinə müsbət siqnal kimi təqdim olunsa da, əslində bu, daha çox psixoloji və siyasi məqsədlərə xidmət edir:
“Bu cür mesajlar müharibədən yorulmuş insanlar üçün bir ‘sakitləşmə’ modeli yaradır. Lakin əslində bu bəyanatlar müharibəni dayandırmaqdan çox, onu zamana yaymaq və yeni mərhələyə keçirmək üçün vasitədir.”
Ekspert qeyd edib ki, hər üç aydan bir keçirilən görüşlər bir növ münaqişənin süni şəkildə uzadılması təəssüratı yaradır:
“Bu, tələbənin dördüncü kursa keçəcəyini vəd edib, hər dəfə semestrə başlamağı təxirə salmasına bənzəyir. Münaqişənin zamana yayılması silahlanmanı artırır, geosiyasi dəyişiklikləri dərinləşdirir.”
Elmar Hüseyn əlavə edib ki, paralel olaraq dünya siyasətində baş verən hadisələr – xüsusilə İran-İsrail qarşıdurması, Çinin artan nüfuzu və Şimali Koreyanın potensial müdaxiləsi – mövcud beynəlxalq nizamda əsaslı dəyişikliklərə səbəb olur:
“Bu fonda ABŞ da öz mövqeyini yenidən nəzərdən keçirməyə başlayıb. Vaşinqton artıq anlayır ki, yalnız Avropanı dəstəkləməklə proseslərə nəzarət etmək mümkün deyil.”
Qeyd edək ki, son aylar Ukrayna və Rusiya liderlərinin verdiyi sülh bəyanatları fonunda bir sıra beynəlxalq görüşlər baş tutub. Lakin müşahidəçilərin fikrincə, bu görüşlər hələlik real sülhə gətirib çıxaracaq siyasi iradədən çox uzaqdır.