“Xəzərdə keçirilən təlimlərdə Azərbaycanın iştirak etməməsi təsadüfi deyil” - İlham İsmayıl

“Xəzərdə keçirilən təlimlərdə Azərbaycanın iştirak etməməsi təsadüfi deyil” - İlham İsmayıl
15:30

Xəzər dənizində keçirilən son hərbi təlimlərdə yalnız iki dövlətin – Rusiya və İranın ön plana çıxması və digər Xəzəryanı ölkələrin, xüsusilə Azərbaycanın bu prosesə cəlb edilməməsi ciddi suallar doğurur.

Bu barədə News365.az-a açıqlamasında təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib.

Ekspertin sözlərinə görə, Xəzər dənizinin təhlükəsizliyindən bəhs edilirsə və burada hərbi təlimlər təşkil olunursa, bu prosesə bütün sahilyanı dövlətlər – Azərbaycan, Qazaxıstan və Türkmənistan da cəlb olunmalıdır:
“Əgər məqsəd Xəzərin təhlükəsizliyi və etibarlılığıdırsa, bu, bütün sahilyanı dövlətlərin birgə məsuliyyəti olmalıdır. Amma təlimlərdə yalnız İran və Rusiya iştirak edir, bu isə məsələnin hərbi-texniki deyil, daha çox geosiyasi mahiyyət daşıdığını göstərir.”

İlham İsmayıl hesab edir ki, Rusiya və İranın bu təlimləri məhz indiki vaxtda keçirməsi təsadüfi deyil:
“Rusiya hazırda Ukrayna ilə, İran isə ABŞ və İsraillə qarşıdurmadadır. Belə bir zamanda Xəzər məsələsinin gündəmə gətirilməsi və təlimlərin keçirilməsi, əslində, bu iki dövlətin öz mövqelərini regionda nümayiş etdirmək cəhdidir.”

Ekspert əlavə edib ki, Azərbaycan bu təlimlərə rəsmi şəkildə dəvət olunmayıb, yalnız ümumi şəkildə “müşahidəçilər dəvət oluna bilər” ifadəsi ilə kifayətlənilib:
“Əgər Azərbaycan rəsmi şəkildə müşahidəçi qismində dəvət olunsaydı, biz bu təlimlərdə iştirak barədə konkret qərar verə bilərdik. Amma bu da baş vermədi.”

Onun fikrincə, bu yanaşma Azərbaycana dolayı yolla təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər:
“Beş Xəzəryanı ölkə içərisində yalnız Azərbaycan bu cür kənarda saxlanırsa, deməli, burada başqa məqsədlər var. Bu, sadəcə hərbi təlim deyil, həm də siyasi mesajdır.”

Qeyd edək ki, Rusiya və İran Xəzər dənizində birgə hərbi təlimlər keçirməklə bağlı son günlər intensiv fəaliyyət göstərir. Təlimlərə digər sahilyanı ölkələrin cəlb olunmaması isə müxtəlif müzakirələrə səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada