“Zərdabi olmaqdan başlayır hər şey”- Politoloqdan şərh

“Zərdabi olmaqdan başlayır hər şey”- Politoloqdan şərh
13:46
Azərbaycan milli mətbuatı 150 illiyini qeyd edir. Kimi bu günü sevinclə qeyd edir, kimi isə mətbuatın vəziyyətindən narazıdır, şikayətçidir. Kimi gələcəyə nikbin baxır, kimi isə pessimist. Olsun, bütün bunlar normaldır.
Amma gəlin bir də 150 il əvvələ baxaq. Zərdabinin gözü ilə o vaxtın Azərbaycanına baxaq. Zərdabi olmağa çalışaq.
Hər şeydən öncə, Zərdabinin dövründə bir Azərbaycan yox idi. Dili, dini, mədəniyyəti, adət-ənənəsi olsa da, birliyi, milli duyğusu olmayan, elmə, maarifə, savadlanmağa gözünü və digər duyğularını bərk-bərk bağlayan bir xalq vardı. Başqa cür desək, 150 il öncə Həsən bəy Zərdabi qurumuş, bəhər verməyən daşlı Azərbaycan tarlası önündə durub nə edəcəyini düşünürdü.
Zərdabi olmağa elə məhz buradan başlamaq lazımdır. Heç kəsin bəlkə də etməyəcəyini o etdi. Əlini çirmələdi, “Əkinçi” olmaq qərarına gəldi. Yalın əllə çoraq Azərbaycanı öncə şumladı, sonra milli mətbuat toxumlarını səpdi. Dövrün mövhumat dolu qızmar günəşinə, yadelli işğal küləyinə, daxili satqın çəyirtkə sürülərinə rəğmən, əkdiyi milli mətbuat bəhər verdi.
Bu gün 150 illiyini qeyd etdiyimiz milli mətbuat, dediklərimdən qat-qat çətin, keşməkeşli bir prosesin şahidi olub. Amma hər şeyə rəğmən ayaqda qalmağı bacarıb. Çünki təkcə “bir kərə yüksələn bayraq bir daha enmir”, həm də “bir dəfə yaranan milli mətbuat bir daha silinmir”.
Əziz jurnalist dostlarım, hər birinizi milli mətbuatımızın 150 illiyi münasibətilə canı-könüldən təbrik edirəm. Uğurlarınız bol, qələminiz iti olsun!

Turan Rzayev

Sizin reklam burada
Sizin reklam burada