Rusiyanın enerji və hərbi infrastrukturuna Ukraynanın endirdiyi zərbələr müharibənin gedişində əsas müzakirə mövzularından biri olaraq qalır. Ekspertlər bu hücumların Rusiyanın hərbi-logistik imkanlarına təsiri, Qərbin rolu və Ukrayna ordusunda aparılan islahatların nəticələrini fərqli aspektlərdən qiymətləndirirlər.
Mövzu ilə bağlı News365.az-a danışan politoloq Elçin Alıoğlu bildirib ki, Rusiyanın hərbi təyinatlı infrastrukturuna endirilən zərbələr strateji baxımdan uğurlu nəticələr verir.

Alıoğlunun sözlərinə görə, ABŞ bu prosesdə birbaşa iştirak etməsə də, istifadə olunan texnologiyalar və kəşfiyyat dəstəyi baxımından mühüm rol oynayır.
“Bəzi dairələr ABŞ-ın bu hücumları yalnız dəstəklədiyini bildirir. Lakin mən hesab edirəm ki, bu hücumların arxasında birbaşa Amerikanın texnoloji və kəşfiyyat imkanları dayanır. ABŞ-da hazırlanmış süni intellekt platformaları və proqram təminatları Rusiyanın neft emalı müəssisələrinin, logistika xətlərinin və hərbi infrastrukturunun müəyyənləşdirilməsi və hədəfə alınmasında istifadə olunur. Bu proses NATO, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin imkanları ilə həyata keçirilir. Ona görə də Qərbin yalnız ‘təqdir edirik’ deməsi müəyyən mənada qeyri-səmimi görünür”, – deyə o bildirib.
Politoloq hesab edir ki, bu zərbələr Rusiyanı sülh sazişi imzalamağa məcbur etməyəcək, lakin hərbi imkanlarını zəiflətmək baxımından ciddi təsir göstərir.
“Düşünmürəm ki, Rusiyada yaranan yanacaq böhranı Moskvanı sülh müqaviləsi imzalamağa vadar etsin. Ancaq etiraf etmək lazımdır ki, bu, kifayət qədər uğurlu və məhsuldar taktikadır. Məqsəd Rusiyanın müharibəni davam etdirməsinə xidmət edən infrastrukturun zəiflədilməsidir. Hazırda Rusiyada hərbi sursat anbarlarının təxminən 8 faizi, neft emalı müəssisələrinin 11,2 faizi və logistika marşrutlarının 7,2 faizi faktiki olaraq iflic vəziyyətinə düşüb”, – deyə Alıoğlu qeyd edib.
O, Ukraynanın bu istiqamətdə fəaliyyətini davam etdirməsinin vacibliyini də vurğulayıb.
“Bu zərbələr nə qədər intensiv olarsa, Rusiyanın Ukraynadakı işğalçı qüvvələrinin təminatı bir o qədər zəifləyəcək. Bununla yanaşı, hazırda Ukrayna ordusunda ciddi islahatlar aparılır. Yeni təyin olunmuş Silahlı Qüvvələrin Baş komandanının açıqlamaları da göstərir ki, ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atılır”, – deyə politoloq əlavə edib.