“Ukraynanın hücumu Rusiya hərbi tarixi üçün analoqu olmayan bir zərbədir”- Sultan Zahidov

“Ukraynanın hücumu Rusiya hərbi tarixi üçün analoqu olmayan bir zərbədir”- Sultan Zahidov
04 İyn 2025 16:36

“Ukraynanın hücumu Rusiya hərbi tarixi üçün analoqu olmayan bir zərbədir”

Politoloq Sultan Zahidov News365.az-a açıqlamasında bildirib ki, Ukraynanın son günlərdə Rusiya Hərbi Hava Qüvvələrinin dörd əsas bazasına endirdiyi hücum müharibə tarixində analoqu olmayan əməliyyatlardan biri kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, bu hücum nəticəsində Rusiyanın strateji bombardmançı təyyarələrinin təxminən 34%-i sıradan çıxarılıb.

“Söhbət Tu-95 və Tu-22 kimi strateji bombardmançı təyyarələrdən gedir. Bu təyyarələr artıq istehsal olunmur və onların itirilməsi Rusiya üçün həm maliyyə, həm də hərbi-strateji baxımdan ciddi zərbədir,” – deyə Zahidov qeyd edib.

Ekspert bildirir ki, bu zərbə təkcə texniki itkilərlə ölçülmür. Əsas zərbə Rusiyanın illərdir üzərində qurduğu çəkindirici güc imicinə dəyib.

“Rusiya daim vurğulayırdı ki, onun ərazisi çox böyükdür və Ukrayna bu ərazilərin uzaq hissələrinə zərbə endirə bilməz. Bu səbəbdən strateji hərbi bazaların bir çoxu cəbhə xəttindən minlərlə kilometr uzaqlıqda yerləşdirilmişdi. Məsələn, İrkutsk yaxınlığındakı hərbi hava bazası təxminən 4500 km məsafədə yerləşir,” – deyə o bildirib.

Zahidov hesab edir ki, bu hücum Rusiya rəhbərliyini cavab tədbiri görməyə sövq edə bilər. Lakin bu cavabın necə və nə vaxt baş verəcəyi hələ də sual altındadır.

“Rusiya yenidən özünün çəkindirici gücə malik olduğunu nümayiş etdirmək üçün hansısa bir həmləyə əl atmalı olacaq. Amma bu həmlənin konkret nə vaxt və hansı formada həyata keçiriləcəyi bəlli deyil. Ola bilər ki, yaxın günlərdə baş versin, yaxud Rusiya Ukraynanın daha zəif və hazırlıqsız bir anını gözləsin,” – deyə politoloq əlavə edib.

O, həmçinin qeyd edib ki, Ukrayna rəhbərliyi mümkün əks-hücum risklərini nəzərə alır və bu səbəbdən beynəlxalq tərəfdaşlarına xəbərdarlıqlar edir.

“Prezident Zelenski Litvada və Belarusda çıxışları zamanı Avropa və Qərb dövlətlərinə müraciət edərək bildirdi ki, Rusiyanın Belarusiyada nə işlər çevirdiyinə diqqət yetirilməlidir. Bu, yeni risklərin xəbərçisidir,” – deyə Zahidov vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada