Nərimanov Tibb Mərkəzinin yeni binası başqa quruma verilir? - RƏSMİ CAVAB

Nərimanov Tibb Mərkəzinin yeni binası başqa quruma verilir? - RƏSMİ CAVAB
15:10

Nərimanov Tibb Mərkəzinin əməkdaşları uzun müddətdir təmirdə olan müəssisənin gələcəyi ilə bağlı yaranmış qeyri-müəyyənlikdən narahatdır.

 News365.az-a daxil olan müraciətdə bildirilib ki, mərkəzin əsas binası təmirə bağlandıqdan sonra kollektiv 4-5 ildir fəaliyyətini müvəqqəti olaraq 6 saylı Uşaq Xəstəxanasının binasında davam etdirir.

Əməkdaşların sözlərinə görə, istismar müddətini başa vurmuş və tibb müəssisəsi kimi fəaliyyət üçün əlverişli olmayan binada uzun müddətdir ciddi çətinliklərlə çalışırlar. Buna baxmayaraq, əsas binanın təmirinin başa çatmasını və öz iş yerlərinə qayıtmağı gözləyiblər.

Hazırda Nərimanov Tibb Mərkəzinin əsas binasında təmir işlərinin yekunlaşdığı bildirilsə də, kollektivin həmin binaya köçürülməyəcəyi barədə məlumat yayılıb. İddialara görə, təmirdən çıxmış bina yeni yaradılacaq Pediatriya Mərkəzinə veriləcək.

Bu məlumatın mərkəzin əməkdaşları arasında ciddi narahatlıq və məyusluq yaratdığı qeyd olunub. Bildirilib ki, kollektivin gələcək fəaliyyəti ilə bağlı onlara hər hansı rəsmi məlumat verilməyib.

Əməkdaşlar hazırda fəaliyyət göstərdikləri 6 saylı Uşaq Xəstəxanasının binasındakı şəraitdən də narazıdırlar. Müraciətdə qeyd olunub ki, otaqların çox kiçik olması səbəbindən bəzi hallarda 8-9 həkim eyni otaqda işləməyə məcbur qalır. Bu vəziyyətin həm tibb personalının işinə, həm də vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinə mənfi təsir etdiyi vurğulanıb. 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, TƏBİB tərəfindən tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi, resursların səmərəli idarə olunması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə mütəmadi olaraq müxtəlif təşkilati tədbirlər həyata keçirilir. Bu proses çərçivəsində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, ayrı-ayrı xidmətlərin daha səmərəli təşkili və səhiyyə sisteminin mövcud ehtiyaclarına uyğun inkişaf istiqamətləri qiymətləndirilir:

“Bu istiqamətlərdən biri də uşaqlara göstərilən ixtisaslaşmış tibbi xidmətlərin beynəlxalq təcrübəyə uyğun müasir multidisiplinar model əsasında inkişaf etdirilməsidir. Bu məqsədlə ixtisaslaşdırılmış multidisiplinar mərkəzin yaradılması istiqamətində müxtəlif təşkilati həllər nəzərdən keçirilir.

Nərimanov Tibb Mərkəzi ilə bağlı səsləndirilən məsələlər də bu ümumi proses çərçivəsində dəyərləndirilir. Hazırda mərkəzin yerləşdirilməsi ilə bağlı hər hansı yekun qərar qəbul edilməyib.

Gələcəkdə bu istiqamətdə hər hansı qərar qəbul ediləcəyi təqdirdə, Nərimanov Tibb Mərkəzinin əməkdaşlarının peşəkar fəaliyyətinin fasiləsiz davam etdirilməsi üçün müvafiq iş şəraiti yaradılacaq. Qəbul ediləcək qərarlar barədə əməkdaşlar aidiyyəti qaydada məlumatlandırılacaqlar”, - deyə məlumatda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada