ATƏT-in fəaliyyəti, Azərbaycan-Ermənistan münasibətləri və regiondakı son vəziyyət təşkilatın əvvəlki rolunu əhəmiyyətli dərəcədə zəiflədib.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Rasim Musabəyov News365.az-a açıqlamasında bildirib ki, hazırkı şəraitdə ATƏT-in əvvəlki formatda fəaliyyət göstərməsi üçün əsas qalmayıb.

Deputatın sözlərinə görə, Uzun illər ərzində həm Azərbaycan, həm də Ermənistan cəmiyyətinin bildiyi kimi, Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olan bu qurum daha çox münaqişənin dondurulmasına xidmət edirdi. Artıq həmin mərhələ başa çatıb və bu qurum faktiki olaraq tarixin arxivinə göndərilib."
Rasim Musabəyov qeyd edib ki, ATƏT-in əvvəlki nüfuzu da ciddi şəkildə zəifləyib:
"Bu qurum Avropada da əvvəlki nüfuzunu demək olar ki, itirib. Qarşıdakı görüşlərdə hansısa yeni təşəbbüslərin irəli sürüləcəyi müzakirə oluna bilər. Lakin düşünmürəm ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi vəziyyət fonunda regionla bağlı ciddi və praktiki nəticələr verəcək hər hansı qərar qəbul olunsun."
Deputatın sözlərinə görə, Azərbaycan vasitəçilik cəhdlərinə ehtiyac olmadığını dəfələrlə bəyan edib və bu mövqeyini dəyişmir:
"Azərbaycan üçün əsas məsələ dövlət maraqlarının qorunmasıdır. Müxtəlif lobbi qrupları və bəzi dairələr yeni təşəbbüslərlə çıxış etməyə çalışsalar da, Azərbaycan bu cəhdlərin hamısını rədd edib. Rəsmi Bakı prinsipial mövqe nümayiş etdirərək bildirib ki, bu məsələlərlə bağlı əlavə vasitəçilik mexanizmlərinə ehtiyac yoxdur. Azərbaycanın mövqeyi kifayət qədər aydındır və bundan sonra da dəyişməyəcək."