İran Xarici İşlər Nazirliyi Hörmüz boğazında vurulan gəmilərlə bağlı açıqlama verib.
News365.az xəbər verir ki, İran XİN-in sözçüsü İsmail Bəqayi IRIB-ə müsahibəsində bildirib ki, həmin gəmilər neft və qaz deyil, ABŞ üçün nəzərdə tutulan silah və sursat daşıyırmış.
Onun sözlərinə görə, ABŞ hərbi gəmilərinin neft və ya mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan böyük ticarət gəmilərinə yaxınlaşdığı müşahidə olunub.
Bəqayi iddia edib ki, ABŞ ordusu İran Silahlı Qüvvələrinin nəzarətindən yayınmaq üçün izləmə sistemlərini söndürüb və hərbi personal, texnika və avadanlıqların daşınmasında kommersiya gəmilərindən istifadə edib.
İran rəsmisi bu addımların İslamabad Memorandumunun 5-ci bəndinə zidd olduğunu bildirib.
O qeyd edib ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) hərbi gəmisi icazəsiz marşrutla hərəkət edərək LNG daşıyan gəminin arxasında gizlənib. Bəqayinin sözlərinə görə, bu, Vaşinqtonun atəşkəs razılaşmasından sui-istifadə etdiyini və İrana qarşı addımlar üçün şərait yaratdığını göstərir.
İran XİN sözçüsü əlavə edib ki, Tehran bu məsələyə etiraz etdikdən sonra ABŞ tərəfindən hücumların intensivliyi artıb.