Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan rəsmi olaraq "Məkkə müqaviləsi" adlandırılan yeni üçtərəfli müdafiə sazişini imzalayıblar.
News365.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə "Məkkə müqaviləsi"nin ən mühüm bəndi kollektiv müdafiə haqqında müddəadır.
Bu üç dövlətdən hər hansı birinə qarşı edilən silahlı hücum hər üçünə qarşı edilmiş hücum kimi qəbul olunacaq.
Saziş təcavüzün kollektiv şəkildə qarşısının alınmasını gücləndirmək və ölkələr arasında müdafiə əməkdaşlığının bütün istiqamətlərini genişləndirmək məqsədi daşıyır.
NTV telekanalının məlumatına əsasən, sənədi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əs Səud və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar.


Telekanalın Ankaradakı mənbələrinin bildirdiklərinə görə, tərəflər hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi, Yaxın Şərq daxil olmaqla regional böhranların həlli istiqamətində səyləri əlaqələndirməyi və kəşfiyyat məlumatları mübadiləsi aparmağı planlaşdırırlar.
Bir sıra ölkələrdə "İslam NATO-su" kimi tanınan bu alyansın yaradılması ilə bağlı danışıqlar ötən ilin sonundan etibarən davam edirdi. Əməkdaşlığın istiqamətlərindən biri Səudiyyə Ərəbistanı və Pakistanın Türkiyənin beşinci nəsil "Kaan" qırıcı təyyarəsinin yaradılması proqramına qoşulması ola bilər.

Bu gün Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələri müdafiə sahəsində ortaq müqavilə imzalamaq məqsədilə Ciddə şəhərində bir araya gələcəklər.
News365.az-ın məlumatına görə, bu barədə AFP-yə Səudiyyə Ərəbistanının hökumət və hərbi dairələrinə yaxın mənbələr bildiriblər.
Sözügedən addım regionda münaqişələrin, müharibələrin və hərbi gərginliyin artması, xüsusilə Körfəz ölkələrinə təsir edən, Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçiliyi pozan ABŞ-İran qarşıdurması fonunda atılır.
Adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, bu məsələ ilə bağlı müzakirələr çoxdan aparılırdı, lakin bölgədə baş verən son hadisələr prosesin daha da sürətlənməsinə səbəb olub.
Səudiyyə hökumətinə yaxın olan digər anonim mənbə də sənədin cümə günü imzalanmasının planlaşdırıldığını təsdiqləyib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Qırmızı dəniz sahilindəki şəhərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcəyi gözlənilir.