Azərbaycanda yeni zavodlar açılacaq

Azərbaycanda yeni zavodlar açılacaq
15:27
“Daşkəsən” dəmir filizi layihəsinin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Burada yerli dəmir filiz mədəni, zənginləşdirmə və pelet istehsalı gücləri yaradılacaq. Eyni zamanda, isti briketlənmiş dəmir zavodunun yaradılması planlaşdırılır.

News365.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, əsas məqsədlərdən biri istehsal olunan dəmiri ölkə daxilində metallurgiya müəssisələrində xammal kimi istifadə etməkdir: "Paralel olaraq, ixrac imkanlarımız da artacaq. Beləliklə, dəmir filizindən başlayaraq növbəti emal mərhələlərinə qədər yerli sənaye zənciri formalaşacaq".

Nazirin sözlərinə görə, alüminium üzrə əsas məqsəd mövcud istehsal zəncirini genişləndirmək və daha yüksək əlavə dəyərli məhsullara keçməkdir: "Proqramın əhatə etdiyi dövrdə Elektroliz zavodunun illik gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması nəzərdə tutulur. Bundan əlavə, kalsinasiya və anod bişirmə zavodunun yaradılması, karbon anod bloklarının istehsalı planlaşdırılır".

“Zəylik” alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək. Məqsəd əlavə xammal bazasının iqtisadi potensialını müəyyənləşdirməkdir. Biz burada əsas olaraq müasir texnologiyaların inkişafına arxalanırıq. Nəticədə "Azəralüminium"un ixracının 2025-ci ildəki 252 milyon manatdan 2030-cu ildə 510 milyon manata çatdırılması nəzərdə tutulur”, - deyə M. Cabbarov əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada