Politoloq Zeynal Əmrəliyev bildirib ki, Donald Trampın prezidentliyə qayıtmaq planları çərçivəsində Yaxın Şərqdə, xüsusilə Qəzza zolağında köklü dəyişikliklər nəzərdə tutulur.
O, bu barədə News365.az-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, Tramp administrasiyasının İsraillə birgə həyata keçirməyi planlaşdırdığı layihə Qəzza bölgəsində demoqrafik və inzibati dəyişiklikləri nəzərdə tutur:
“İtaliya hökumətinin dəstəklədiyi bəzi planlara uyğun olaraq, Qəzza bölgəsində yaşayan əhali ya zorakı yollarla, ya da digər üsullarla ərazidən çıxarılacaq. Bölgə tamamilə söküləcək və yerində yeni yaşayış məntəqələrinin salınması planlaşdırılır. Bütün bu proseslər İsrailin Qəzzanı tam şəkildə nəzarət altına alması məqsədinə xidmət edir”.
Zeynal Əmrəliyev qeyd edib ki, bu plan təkcə Qəzza ilə məhdudlaşmır:
“Eyni zamanda, İordan çayının qərb sahilində də İsrailin işğal siyasəti genişlənir. İsrail və Suriya arasında da bu mövzu ciddi narazılıq doğurur. ABŞ isə bu prosesləri açıq şəkildə dəstəkləyir”.
Politoloq əlavə edib ki, bu siyasət Donald Trampın birinci prezidentliyi dövründən başlayaraq davam edir:
“Küds şəhəri İsrailin bölünməz paytaxtı elan edildi və ABŞ səfirliyi Təl-Əvivdən Küdsə köçürüldü. Hazırda eyni model Qəzzada da tətbiq olunmağa çalışılır. Bu da onu göstərir ki, ABŞ və İsrail Ərəb-İsrail münaqişəsini ‘bir dövlət’ prinsipi əsasında, yalnız İsrail dövlətinin mövcudluğunu əsas tutaraq həll etməyə çalışır”.